1999-cu ildə debüt etmiş X5 modeli BMW brendinin ilk krossoveri olub və o vaxtdan bəri Bavariya istehsalçısının ən populyar modellərindən birinə və çox güman ki, ən çox gəlir gətirən avtomobilinə çevrilib.
Buna görə də BMW şirkətinin öz bestsellerinin yeni nəslinin debütünə əvvəlcədən hazırlaşmasında təəccüblü bir şey yoxdur: ötən ilin sentyabrında G65 indeksli avtomobillərin ilk rəsmi görüntüləri dərc edilib, bir neçə həftə əvvəl isə, onların əsas texniki göstəriciləri açıqlanıb. İndi isə, beş güc qurğusu ilə təchiz ediləcək beşinci nəsil BMW X5 modeli təqdim olunub.
BMW X5 40 xDrive
Yeni krossoverin xarici görünüşü gözlənildiyi kimi Bavariya markasının Neue Klasse elektrik avtomobilləri ailəsinin müəyyən etdiyi müasir korporativ dizayn üslubunda hazırlanıb. Ön hissədə işıqlandırması olan yığcam şaquli “burun dəlikləri” yerləşir.
Faralarda BMW krossover ailəsinə istinad edən X formalı seqmentlər tətbiq olunub. Qeyri-adi detal kimi pəncərə xətti üzərində yerləşən miniatür Winglets tipli qapı tutacaqlarını qeyd etmək gərəkdir.
BMW X5 40 xDrive
Arxa hissədə isə, markanın loqotipi ilə ayrılan, demək olar ki, birləşmiş fənərlər yerləşir. Alıcılara on bir rəngdə kuzov boyası və M Performance bölməsinin aksessuarları da daxil olmaqla geniş fərdiləşdirmə proqramı təklif edilir.
Yeni BMW X5 ölçülər baxımından böyüyüb: yeniliyin uzunluğu 4994 millimetr təşkil edir ki, bu da sələfi ilə müqayisədə 59 millimetr çoxdur. Təkər bazası 3035 millimetrə çatdıb ki, bu da 60 millimetrlik artım deməkdir.
BMW X5 40 xDrive
Bununla belə, kuzovun eni 2000 millimetr, hündürlüyü isə, 1751 millimetr təşkil edir: əvvəlki modellə müqayisədə, bu ölçülər müvafiq olaraq 4 və 14 millimetr azalıblar. Standart klirens 226 millimetrdir. Bundan başqa, müxtəlif dizaynlı 21–23 düymlük təkər diskləri təklif olunur.
Krossoverin salonu öz arxitekturasını BMW brendinin ən yeni Neue Klasse elektromobillərindən götürüb. Onun əsas cəhətləri arasında çarpaz qolları olan sükan, ön şüşənin altında yerləşən Panoramic Vision displeyi və multimedia sisteminin “kəsilmiş” küncləri olan ekranı var. Həmçinin üçölçülü proyeksiya displeyi də nəzərdə tutulub.
BMW iX5 60 xDrive
Əlavə ödəniş qarşılığında ön sərnişin üçün ayrıca əyləncə ekranını quraşdırmaq da mümkündür. BMW şirkətinin yeni OS X əməliyyat sisteminə uzaqdan yenilənmə funksiyası, naviqasiya, səsli köməkçi, süni intellekt əsasında işləyən adaptiv kruiz-kontrol, eləcə də oyun və video xidmətləri daxil olmaqla üçüncü tərəflərin tətbiqlərinin quraşdırılması imkanı daxildir.
İstehsalçı salonun yüksək keyfiyyətli materiallarla işlənəcəyini vəd edib. Buraya şüşə və təbii şistdən hazırlanmış dekorativ əlavələr, həmçinin qabaqcıl kontur işıqlandırması da daxildir. Baqaj bölməsinin həcmi 655 litrdən 1850 litrə qədər dəyişir.
BMW iX5 60 xDrive
Əvvəllər məlum olduğu kimi, yeni BMW X5 hələ 2015-ci ildə təqdim edilmiş CLAR platformasının təkmilləşdirilmiş versiyası üzərində qurulub. Lakin modernləşdirilmiş platforma krossoveri beş növ güc qurğusu ilə təchiz etməyə imkan verir.
Baza benzin versiyası 3,0 litrlik altısilindrli turbomühərriklə təchiz edilir. Onun gücü 400 at qüvvəsi, fırlanma anı isə, 580 Nm təşkil edir. Mühərrik 48 voltluq elektrik üstqurumuna malikdir, səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə birlikdı çalışır.
BMW X5 40 xDrive
Avtomobil 0-dan 100 km/saata 5,3 saniyəyə sürətlənir. BMW X5 40d xDrive dizel versiyası isə, 313 at qüvvəsi və 670 Nm fırlanma anına malikdir və 100 km/saat həddinə 6,1 saniyəyə sürətlənir.
Plagin hibridlər X5 50e xDrive modifikasiyası ilə təqdim olunur. Bu versiyada 313 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən benzin turbomühərriki səkkiz pilləli avtomatik transmissiyaya inteqrasiya edilmiş 197 at qüvvəsi və 280 Nm fırlanma anına malik olan elektrik mühərriki birlikdə çalışır.
BMW iX5 60 xDrive
Batareya 347,5 volt gərginliyində işləyir və 29,48 kilovat/saatlıq tutuma malikdir. Elektrik rejimində belə krossover 102 kilomterə qədər məsafə qət edir. 0-dan 100 km/saat həddinə sürətlənmə 5,0 saniyə çəkir.
Daha idman xarakterli X5 M60e xDrive versiyasında quraşdırılan eyni altısilindrli mühərrikin hasilatı 426 at qüvvəsi və 540 Nm fırlanma anına qədər artırılıb. Elektrik mühərrikinin göstəriciləri və batareyanın tutumu dəyişməyib. Belə krossover 100 km/saat həddini 4,5 saniyəyə toplayır və sırf elektrik dartması ilə 98 kilometr məsafə qət edə bilir.
BMW iX5 60 xDrive
BMW iX5 60 xDrive elektrik modifikasiyası isə, altıncı nəsil ikimühərrikli tam ötürmə sistemi ilə təchiz olunub. Onun gücü 578 at qüvvəsi, fırlanma anı isə, 805 Nm təşkil edir. Modeldə 800 voltluq və 141 kilovat/saat tutumlu batareya quraşdırılıb ki, bu da avtomobilə 845 kilometrə qədər yürüş etməyə imkan verir.
Maksimal şarj gücü 460 kilovat təşkil edir. Elektrik krossoveri 0-dan 100 km/saata 4,6 saniyəyə sürətlənir, lakin onun maksimal sürəti elektron şəkildə 210 km/saat həddində məhdudlaşdırılıb. Yanacaqlı və hibrid versiyalar isə, 250 km/saatlıq maksimal sürətə malikdirlər.
BMW iX5 Hydrogen
Nəhayət, beşinci modifikasiya BMW iX5 Hydrogen hidrogen-elektrik modelidir. Bu versiyanın dəqiq texniki göstəriciləri hələlik açıqlanmayıb, çünki o, bazara digər versiyalardan daha sonra çıxacaq. Bununla belə, iX5 Hydrogen BMW şirkətinin seriya ilə istehsal ediləcək ilk hidrogen avtomobili olacaq və onun yürüş məsafəsinin 750 kilometrə qədər olması gözlənilir.
Beşinci nəsil X5 krossoveri BMW şirkətinin Spartanburqdakı (ABŞ) zavodunda buraxılacaq. Onun istehsalına bu ilin avqustunda başlanmalıdır, modelin bazar debütü isə, noyabr ayına planlaşdırılır. Almaniya bazarı üçün ilkin yanacaqlı versiyalarının qiymətləri artıq məlumdur: dizel modifikasiyanın qiyməti 95 750 avrodan, benzin versiyasının qiyməti isə, 99 750 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









