Lexus RX modeli premium krossoverlər seqmentinin pionerlərindən biri hesab edilir. 1998-ci ildən bəri dörd nəsil dəyişdirmiş krossover 3,5 milyondan çox nüsxədə satılıb. Artıq estafeti tamamilə yeni, beşinci nəsldən olan RX modeli qəbul etməyə hazırdır. Tərtibatçılar krossoverin xarakterik “süzən” damı, tanış pəncərəaltı xətti və gündüz hərəkət işıqlarının bumeranqları olan dizayn üslubunu saxlamağa çalışıblar. Ancaq kifayət qədər dəyişikliklər də var.

Yeni nəsil Lexus RX krossoveri GA-K modul platformasına (TNGA arxitekturasına) keçib ki, bu platforma da yeni arxa asqıya (McPherson dayaqlarının əvəzinə çoxqollu) və 15 millimetr aşağı salınmış ağırlıq mərkəzinə malikdir. Köndələn yerləşdirilmiş mühərrik və əsas ön ötürmə qorunub saxlanılsa da, yeni şassi daha çox idman xarakteri vəd edir.

Yüksək möhkəmlikli poladlardan istifadə genişləndirilmiş və müvafiq olaraq, kuzovun sərtliyi artırılmışdır. Məsələn, kandarların möhkəmləndirməsi üçün möhkəmlik həddi 1180 MPa, damın möhkəmləndirilməsi üçün isə, 1470 MPa olan poladdan istifadə edilib. Eyni zamanda, qanadlar və kapot artıq alüminiumdan hazırlanır. Nəticədə krossover sələfindən 90 kiloqram yüngüldür.

Uzunluq dəyişməyib (4890 millimetr), lakin avtomobil əvvəlki modeldən 25 millimetr enli (1920 millimetr) və 10 millimetr (1695 millimetr) alçaqdır. Təkər bazası da 60 millimetr (2850 millimetr) uzadılıb, lakin iri ön kuzov çıxışı (bir metrdən çox!) qorunub saxlanılıb, artım isə arxa oxun geriyə sürüşdürülməsi ilə təmin edilib. Ön təkər izi - 15 millimetr, arxa təkər izi isə 50 millimetrm genişlənib. 19 və ya 21 düymlük təkər disklərindən seçim etmək təklif olunur.

Maraqlıdır ki, təkər bazasındakı 60 millimetrlik artımdan salona yalnız 10 milllimetri qismət olub: oturacaq cərgələri arasındakı məsafə məhz bu qədər artırılıb. Qalan 50 millimetri isə baqaj bölümü əldə edib. Şirkət onun həcmini açıqlamasa da, yükləmə hündürlüyünün 30 millimetr azaldığını bildirir. Arxa divanın kürək hissəsi indi 40:20:40 nisbətində bölünür.

Kiçik Lexus NX krossoveri kimi, yeni RX krossoverinin interyeri də yeni Tazuna (yapon dilində - “cilov”) konsepsiyasına uyğun olaraq hazırlanıb. Əsas ideya avtomobilin bütün idatəetmə funksiyalarının intuitiv səviyyədə anlaşılan olması və sürücünün ətrafında cəmlənməsidir. Bunun ən bariz nümunəsi mərkəzi tuneldən yoxa çıxmış taçpaddır. Onu mediasistemin ekranı əvəzləyib - nəhayət bu displey sonsorludur və sürücüyə tərəf yaxınlaşdırılıb

Multimedia sistemi diaqonalı 9,8 və ya 14 düym (əvvəllər maksimum 12,3 düym idi) olan ekrana malik olacaqdır. Lakin bəzi bazarlarda (məsələn, Avropada) yalnız ikinci variant təklif olunacaqdır. 

Lexus Link Pro sistemi əvvəlki cihazdan 3,6 dəfə sürətlidir, səslə idarəetməyə, genişlənmiş onlayn funksionallığa və smartfon vasitəsi ilə məsafədən girişə malikdir. Transmissiyanın idarə olunmasına qeydə alınmayan coystik cavabdehdir, daxili kontur işıqlandırması 64 rəng təklif edir, opsiyalar arasında arxa kameradan görüntünün ötürüldüyü ekranı olan salon güzgüsü var.

Sükan çarxının üstündə sürücüyə nəzarət kamerası quraşdırılıb. Adaptiv kruiz-kontrolu və bir sıra digər köməkçiləri özündə birləşdirən Lexus Safety System + 3.0 elektron kompleksi sürücünün yuxuya getdiyi və ya huşunu itirdiyini aşkar edərsə, dərhal avtomobili dayandırır.

Yeni RX modeli NX modelində tətbiq edilmiş e-Latch elektrik qapı qıfıllarını da alıb: içəridən kilidi açmaq üçün sadəcə dəstəyi sıxmaq kifayətdir, bununla belə, fövqəladə hallar üçün mexaniki açılma imkanı da qorunub saxlanılıb (bunun üçün adətən dəstəyi özünüzə tərəf çəkilmək lazımdır). Elektronika qapını açmağa cəhd edərkən təhlükəni aşkar edərsə (məsələn, qonşu zolaqdakı yaxınlaşan avtomobili) kilidi məcburi bağlaya bilər.

Mühərrik çeşidinə artıq V6 aqreqatları yoxdur və yalnız dördsilindrli mühərriklər qalıb. İndi yalnız yeganə sırf benzin modifikasiyası var.

Lexus RX 350 modeli 279 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,4-litrlik “turbodördlük” ilə təchiz olunur. Xatırladaq ki, əvvəlki 3,5-litrlik mühərrik 299 at qüvvəsi və 370 Nm fırlanma anı təklif edirdi. Beləliklə, güc baxımından dördsilindrli mühərrikaltısilindrlidən zəif olsa da,  fırlanma anına görə onu üstələyir.

Belə krossover səkkiz pilləli “avtomat”, ön və ya tam ötürmə ilə təchiz edilir. Sonuncu halda, 100 km/saat həddinə sürətlənmə 7,1 saniyə çəkir. Əvvəlki altısilindrli model bu isə 8,2 saniyə sərf edirdi. Bəzi bazarlar üçün gücü 249 at qüvvəsinə qədər azaldılmış versiya təklif olunacaqdır.

Lakin hibridlərin seçimi genişlənib. Çeşidi Lexus RX 350h modeli açır: o, elektrik mühərriki və elektromexaniki variatorla tandemdə çalışan 2,5-litrlik atmosfer mühərriki ilə hərkətə gəlir. Əvvəlki kimi, opsional E-Four ötürməsi sistemi arxa oxdakı ayrıca elektrik mühərrikinə malikdir. Sistemin ən yüksək hasilatı 245 at qüvvəsi və 316 Nm-dir. Tam ötürməli hibrid 100 km/saat həddini 8,0 saniyəyə yığa bilir.

Lexus RX 450h+ plagin hibridi çeşiddə ilk dəfə peyda olub. Demək olar ki, o da eyni aqreqat dəstinə malikdir, lakin E-Four tam ötürməsi artıq “bazadadır” və daha güclü elektrik mühərrikləri quraşdırılıb, buna görə də sistemin ümumi gücü 306 at qüvvəsidir. 

Kiçik nikel-metal-hidrid batareyanın əvəzinə, məişət elektrik şəbəkəsindən doldurula bilən 18,1 kilovat-saatlıq litium-ion batareya var. Elektrik rejimində belə krossover 135 km/saat sürətini yığa və 65 kilometrə qədər məsafə qət edə bilir. Hibrid rejimdə isə ilk “yüzlüyə” sürətlənmə 7,0 saniyə çəkir.

Modifikasiya xəttinin zirvəsində uzun-uzadı adı olan Lexus RX 500h F Sport Performance “qaynar” hibridi qərarlaşıb. O, prinsipcə fərqli güc qurğusuna malikdir. Atmosfer mühərrikini 2,4-litrlik turbomühərrik, elektromexaniki variatoru isə, hidritransformatorun əvəzinə muftası olan altı pilləli “avtomat” əvəzləyib. Onların arasında elektrik mühərriki yerləşdirilib və başqa bir mufta(elektrik ötürməsi ilə hərəkət etmək üçün) onu daxili yanma mühərrikindən ayırır. Bu tandem ön təkərləri hərəkətə gətirir.

Tam ötürmə E-Four deyil, Direct4 (Lexus RZ elektrik avtomobili kimi) adlanır, çünki arxa oxda köməkçi sadə mühərrik əvəzinə 109 at qüvvəli elektrik mühərriki quraşdırılıb. Hibrid sistemin ümumi hasilatı 371 at qüvvəsi və 550 Nm-dir. Krossover q00 km/saata sürətlənməyə 6,0 saniyə sərf edir.

Drayver xarakerini ön oxdakı altı porşenli əyləc mexanizmləri və tam idarə olunan şassi dəstəkləməlidir. Ancaq belə bir krossoveri məişət elektrik şəbəkəsindən doldurmaq mümkün deyil və o yığcam nikel-metal-hidrid batareyası ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha aşağı gücü olan versiyalar üçün, əvvəlki kimi, indi F Sport Handling adlanan sadə idman paketi təklif olunur: bu dəstə fərqli kuzov dəsti, radiator barmaqlığı, interyer dekoru və yenidən tənzimlənmiş asqı daxildir.

Benzin və “sadə” hibrid versiyaların eyni vaxtda – bu payızda bazara çıxacağı güman edilir. Amma plagin hibrid bir neçə ay gecikəcəkdir. Uzunbazalı Lexus RX L modelinin yeni nəsldə təmsil olunmayacaqır: onun yerini üç oturacaq sırası olan ayrıca Lexus TX modeli tutacaqdır. TX modelinin debütü 2023-cü ildə baş tutmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.