Yeni nəsil Dodge Charger modelinin bazar debütünü uğurlu adlandırmaq olmaz. Modelin premyerası 2024-cü ilin martında baş tutub və o zaman istehsalçı satışların həmin ilin yayında başlanacağını bildirmişdi. Bununla belə, ilk seriya avtomobilləri Amerikadakı dilerlərə yalnız 2025-ci ilin yanvarında çatdırılıb.
Üstəlik, bu günə qədər yalnız üçqapılı Charger Daytona elektromobillərini almaq mümkündür və onların satışı kifayət qədər ləng gedir: ilk rübdə cəmi 1947 avtomobil satılıb. Digər versiyaların buraxılış cədvəli də pozulub və yalnız indi Dodge modifikasiya çeşidini genişləndirdiyini elan edib: beşqapılı avtomobillərin istehsalına start verilib.

Bəli, yan qapıların sayından asılı olmayaraq, yeni Charger böyük baqaj qapağı olan liftbək kuzovuna malikdir. Bununla belə, arxa tərəfində əvvəlki kimi xarakterik "pillə" var.
Beşqapılı Dodge Charger maksimal dərəcədə üçqapılı versiya ilə unifikasiya olunub: hətta onların baqaj qapaqları və quraşdırılmış R-Wing spoyleri olan ön hissə də eynidir. Beşqapılı versiyanın baqajının həcmi 1090 litrdir (üçqapılıdakı 1059 litr əvəzinə). Şirkət qürurla bu liftbəki "yeganə dördqapılı əzələ avtomobili" adlandırır.

Hal-hazırda, üçqapılı Charger modeli iki elektrik versiyasında satılır, lakin 2026-cı model ilində yalnız onlardan biri qalacaq: baza Daytona R / T (503 at qüvvəsi) versiyası artıq çeşiddən çıxarılıb!
Həm üçqapılı, həm də beşqapılı avtomobillər 679 at qüvvəsi və 850 Nm hasil edən iki dartma elektrik mühərrikinə (hər oxda biri) malik olan Dayton Scat Pack modifikasiyasında təklif ediləcəklər.

Arxa oxda mexaniki kilidlənməsi olan differensial quraşdırılıb, hərəkət elektronikası isə, Drag, Drift / Donut və launch control rejimlərinə malikdir. Üstəlik, elektrik mühərriklərinin on saniyə ərzində əlavə 40 at qüvvəsi hasil edə bildiyi xüsusi PowerShot preseti də mövcuddur.
60 mil/saata (97 km/saat) sürətlənmə vaxtı 3,3 saniyədir, dörddə bir mili isə, Dodge Charger Daytona Scat Pack (qapıların sayından asılı olmayaraq) 11,5 saniyəyə qət edir. Dolu batareya ilə pasport üzrə yürüş məsafəsi Amerika EPA dövrünə görə 388 kilometrdir, baxmayaraq ki, batareyanın tutumu təsiredici 100,5 kilovat/saatdır.

Avadanlıq və seçimlər baxımından beşqapılı Charger üçqapılıdan heç nə ilə fərqlənmir. Onun üçün panoram damı, Alpine Pro audio sistemini və hətta Track Package dəstini sifariş etmək olar. Sonuncunun tərkibinə adaptiv asma,
Brembo əyləcləri (öndə altı porşenli, arxada dörd porşenli), 20-düymlük təkər diskləri (ön və arxada müxtəlif ölçülü şinlərlə), arxa hissədə quraşdırılan spoyler, həmçinin onbordları qeydə almaq üçün quraşdırılmış videoregistrator daxildir.
Beşqapılı elektromobillərə sifarişlərin qəbuluna yaxın günlərdə başlanmalıdır. Hal-hazırda, üçqapılı Charger Daytona Scat Pack modelinin qiyməti 74.000 dollardan, ixtisara düşmüş R/T versiyasının isə, 60.000 dollardan başlayır.
Əlbəttə ki, beşqapılı Charger yeni müştəriləri cəlb edəcək, lakin satışları artırmaq üçün sıralı altısılındrli biturbo mühərriki olan (426 və ya 558 at qüvvəsi) Dodge Charger Sixpack versiyasının debütünə ehtiyac var. İlkin olaraq, benzin versiyalarının 2025-ci ilin əvvəlində debüt edəcəyi gözlənilirdi, lakin indi şirkət satışların ilin sonuna qədər başlanacağını bildirib. Qiymətlər hələlik açıqlanmmyıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.