Uzunbazalı Niva modelinin aşıqləri üçün məyusedici xəbərimiz var. Hazırda Lada Niva Legend adı ilə satılan modelin beşqapılı versiyasının istehsalına gözlənildiyindən daha erkən son verilə bilər. Çexiyanın garaz.cz nəşrinin bildirdiyinə görə, beşqapılı Niva modelini bu ilin iyun ayında istefaya göndərəcəklər.

Uzunbazalı ofrouderin istehsalının dayandırılmasının səbəblərindən biri kimi, ehtiyat hissələrinin çatışmamazlığı göstərilir. Hazırda AvtoVAZ şirkətinin konveyerindən iki Niva modeli çıxır - Lada Niva Legend və Lada Niva Travel. Sonuncu əvvəlki Chevrolet Niva modelinin yenilənmiş versiyasıdır. Beşqapılı Niva Legend modelinin konveyerdəki boşalmış yerini Niva Travel modeli tutacaqdır.

Lakin butalı köynəkli oğlanların narahat olmağa əsası yoxdur. Üçqapılı Niva Legend modelinin istehsalı yeni nəsil Lada Niva modelinin debütünə qədər davam etdiriləcəkdir. Bu isə, üçqapılı ofrouderin 2026-cı ilə qədər konveyerdə qalacağından xəbər verir.