Amerikan Waldorf Astoria Beverly Hills mehmanxanası super-lyuks nömrəsini bron edən qonaqlarına pulsuz olaraq Aston Martin superkarından istifadə etməyi təklif edir. Təklif bu ilin mart ayının sonuna kimi qüvvədə olacaqdır. Mehmanxanadakı bir gecə 3400 dollara başa gələcəkdir.
Bu təklifdən yararlanmaq istəyən qonaqlar Aston Martin DB11 və Vanquish S superkarlarından birini seçmək şansına malikdirlər. Eyni zamanda, onlar üçün Los-Anjelesin ən iri ticarət mərkəzi olan Westfield Century City’də pulsuz dayanacaq da nəzərdə tutulubdur. Mehmanxananın giriş zalında müxtəlif Aston Martin aksessuarlarının satıldığı firma mağazası yerləşir.
Aston Martin Vanquish S modeli gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz edilir. Bildiyimiz kimi, Aston Martin Vanquish S modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 324 km/saat maksimal sürətə malikdir.
Aston Martin DB11 608 at qüvvəsi və 700 Nm fırlanma anı olan 5,2-litrlik iki turbokompressorlu V12 mühərriki və ZF firmasının istehsalı olan səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Bu tandem sayəsində Aston Martin DB11 100 km/saat həddinə kimi sürətlənməyə 3,9 saniyə sərf edir. Onun maksimal sürəti isə 322 km/saat təşkil edir.