Sirr deyildir ki, hər bir avto və moto idmanı pərəstişkarı üçün onun vətənində Formula 1, MotoGP və ya WRC kimi çox populyar və yüksək reytinqli çempionatların keçirilməsi inanılmaz dərəcədə arzu edilən bir hadisədir. Otuz il bundan əvvəl, Formula 1 yarışlarını izləməyə başladığım bir vaxtlarda, hər bir avtoidman həvəskarı kimi, bu yarışları canlı olaraq seyr etmək, Ayrton Senna, Naycel Mənsell, Alen Prost, Niki Lauda kimi əfsanəvi pilotları görməyi xəyal edirdim. O zamanlar belə xəyalları həyata keçirmək demək olar ki, qeyri-mümkün idi.
İndi özünüz təssəvvür edin ki, belə bir şəraitdə hələ müstəqilliyinə qovuşmamış Vətənimdə Formula 1 çempionatının mərhələsinin keçiriləcəyi barədə fikiləşmək olardımı? Bu bir xülyadan başqa bir şey olmazdı. Bu günki nəsil bizə baxanda daha şanslıdır - çünki Azərbaycan artıq yüksək nüfuza malik olan və avtoidman yarışlarının şahı sayılan Formula 1 çempionatının tərkib hissəsidir.
Hər kəsin bildiyi kimi, Formula 1 çempionatında iki titul uğrunda gərgin mübarizə gedir. Bunlardan biri mövsümün sonunda dünyanın ən güclü pilotunu, digəri isə ən güclü komandasını müəyyən edir. Bundan başqa Formula 1 çempionatı, digər çempionatların fanatlarına bənzəməyən pərəstişkar kütləsinə malikdir. Bu çempionatda fanatların böyük hissəsi pərəstiş etdikləri pilotu dəstəkləyirlər. Bu o demək deyildir ki, komandaları dəstəkləyən fanatlar azdır.
Əsla! Scuderia Ferrari, McLaren və ya Williams kimi adını F1 tarixinə qızıl hərflərlə yazdırmış komandaların da fanat kütləsi mövcuddur, lakin bu, pilotların pərəstişkarlarının sayı ilə müqayisə edilə bilməz. Bəlkə də bu səbəbdən də komandalar özləri də pilotlar çempionatındakı titula, komanda çempionatında əldə edilmiş tituldan daha böyük önəm verirlər. Əbəs yerə deyil ki, nüfuzlu «1» rəqəmini komandalar arasında çempion titulunu qazanmış komandanın bolidində deyil, F1 üzrə dünya çempionu titulunun sahibi olan pilotun idarə etdiyi bolidin üzərində görmək olar.
Michael Schumacher, Jordan-Ford (Jordan 191)
Bu çempionatı izləməyə başladığım ilk günlərdən, mənimlə eyni nəslin nümayəndəsi olan və «günəşli oğlan» ləqəbini almış almaniyalı Mixael Şumaxerə azarkeşlik etməyə başladım. Hər zaman gülərüzlü çöhrəyə malik olan bu gənc oğlanın Formula 1 yarışlarındakı ilk addımları məndə onun gələcəyin ən parlaq ulduzlarından biri olacağı qənaətini yaratmışdı.
Mixaelin «Böyük Sirkə» qatılmasının özü maraqlı bir tarixçəyə malikdir. «Jordan Grand Prix» komandasının sahibi Eddi Cordan taksi sürücüsü ilə münaqişə zəminində həbs edilən Bertran Qaşonun əvəzinə pilot axtarışında idi.
Şumaxerin şəxsi meneceri olan Villi Veber Eddi Cordanı gənc alman pilotun istedadına inandıra bilmişdi. Həqiqətən də, Silverstonda keçirilən ilk testdə Mixael komandanın mühəndislərini göstərdiyi vaxtla təəccübləndirə bilmişdir. Sonrakı hadisələr artıq çempionatın hər bir pərəstişkarına tanışdır. 1991-ci ilin Belçika Qran Prisinə qatılan Şumaxer sıralama turlarında çox da güclü olmayan Jordan-Ford bolidində yeddinci yeri tutaraq bütün Formula 1 aləmini təəccübləndirə bilmişdi. Artıq yarışın ilk dövrələrindən beşinci pilləyə yüksələn Mixaelin ilk uğurunu qazanmasının qarşısını yalnız Jordan-Ford bolidinin nasazlığı ala bildi.
Michael Schumacher - Benetton-Ford (Benetton B192), Mika Hakkinen - Lotus-Ford (Lotus 102D), Jean Alesi - Scuderia Ferrari (Ferrari F92A)
«Uçan quşu gözündən vurmaq» bacarığına malik olan Flavio Briatore gənc alman pilotda olan cövhəri aşkar edərək dərhal onu «Benetton» komandasının tərkibinə qatmağı bacardı. Bu komandada Şumaxerin daha bir xoşuma gələn cəhəti üzə çixdi - nüfuzlu rəqiblərinə qarşı əzmkar olması.
Gənc almanın ilk qəniməti üçqat dünya çempionu braziliyalı Nelson Pike oldu. Elə Benetton-Ford avtomobili ilə çıxdığı ilk yarışda o komanda yoldaşı olan Pikeni məğlub etməyi bacardı. 1992-ci ili o zamanlar böyük üstünlüyə malik olan iki Williams-Renault pilotunun ardınca üçüncü tamamlayan Mixael əfsanəvi braziliyalı «Sehirbaz» ləqəbli Ayrton Sennanı üstələyə bilmişdir. Həmin il Şumaxer ilk qələbəsini Belçika Qran Prisində əldə etdi. Sonrakı il o çempionatı «Professor» ləqəbli Alen Prost, Deymon Hill və Ayrton Sennadan sonra dördüncü olaraq bitirməyi bacarmışdır. 1994-cü il Şumaxerin fanatı kimi mənim üçün ən həyəcanverici illərdən biri olmuşdur. Həmin il mən kumirimin ilk çempionluq titulunu böyük sevinclə qeyd edirdim. Çünki, qarşısında olan bir çox əngəllərə baxmayaraq Mixael çempion olmağı bacarmışdır. Hətta, onun Adelaidadakı son yarışda zədə almış bolidlə Deymon Hillin bolidini vurub trekdən çıxarması da gənc almanın qələbə uğrunda heç bir hərəkətdən çəkinməyəcəyinin göstəricisi idi.
Artıq Alen Prost çempionatı tərk etmiş, əfsanəvi Ayrton Senna isə faciəvi şəkildə San-Marino Qran Prisində həyatını itirmişdi. Şumaxerin fanatı olsam da qeyd etməliyəm ki, Ayrton kimi əfsanəvi və qeyri-adi istedada malik olan pilotun həlak olması Formula 1 aləmi üçün çox böyük itki idi.
Michael Schumacher, Benetton-Renault (Benetton B194)
1995-ci ildə Mixael Şumaxer Deymon Hill və Williams-Renault komandasına qalib gələrək, öz çempion titulunu müdafiə etmiş və Benetton komandasına ilk Konstruktorlar kubokunu qazandırmışdı. Bu ilin sonunda aldığım xəbər, bu günə qədər eşitdiyim ən gözəl xəbərlərdən biri idi - sevimli pilotum, illərdir pərəstişkarı olduğum əfsanəvi Ferrari komandası ilə müqavilə bağlamışdı. Hər bir Formula 1 pərəstişkarının arzuladığı anlar 1996-ci ildən sonra başlandı. Açığını desəm, o zamanlar Ferrari komandası ən zor günlərindən birini yaşayırdı.
Komandanın yaratdığı bolidlər zəif olmaqla yanaşı həm də dözümsüzlükləri ilə seçilirdilər. Böyük «tifosi» ordusunun yeganə ümidi Mixael idi. Alman pilot pərəstişkarlarını məyus etmədi. İnanılmaz əzmkarlıq göstərən pilot ilin sonunda iki Williams-Renault pilotunun ardından üçüncü yeri tutmağı bacardı. Ferrari komandasında keçirdiyi illər Şumaxerin daha bir üsün cəhətini - məqsədə çatmaq üçün komandanı öz ətrafında toplamaq qabiliyyətini üzə çıxardı. Şumaxer Ferrariyə alman dəqiqliyini və cavabdehliyini gətirdi.
Michael Schumacher, Scuderia Ferrari (Ferrari F2001)
Jan Todtun və Ross Braunun komandaya cəlb edilməsi isə gələcək uğurların əsasını qoydu. Ferrari mexaniklərinin söylədiyinə görə, Mixael bütün texniki məsələlərə böyük diqqət yetirirdi və bolidin tənzimlənməsində birbaşa iştirak edirdi.
Deyilənlə görə o, mexaniklərin zəhmətinə ən böyük qiymət verən pilotlardan biri olmuşdur. Mixael. iş prosesindən diqqətlərinin yayınmasını istəmədiyi mexaniklərin ac qalmaması üçün şəxsən sükan arxasına oturub pizza dalınca gedərmiş. Mixael həmçinin zəhmətkeşliyi ilə seçilən pilotlardan biri idi. Buna misal olaraq, 1998-ci ildə testlərin birində onun 160 dövr vurduğunu göstərmək olar ki, o bu əzmkarlığını və qarşıya qoyulan məqsədə çatmaq ehtirasını komandaya da aşılamağa müəssər olmuşdur. 1997-ci ildə Şumaxer çempion titulunu əldə etməyə yaxın olsa da sonunda Williams-Renault komandasının kanadalı pilotu və Ferrari fanatlarının sevdiyi və böyük hörmət bəslədiyi Jil Vilnyovun oğlu Jaka uduzmuşdu. Bu il, bəlkə də Şumaxerin karyerasındakı ən qalmaqallı illərdən biri kimi xatirimdə qalmışdı.
Son yarışda titulun əldən çıxdığını görən Şumaxer son dərəcə təhlükəli bir addım atdı - o Jak Vilnyovun bolidini vuraraq yoldan çıxarmağa cəhd etdi. Nəticədə o diskvalifikasiya edilərək çempionatın protokolundan çıxarıldı. Bu Mixaelin fanatları üçün ağır bir an idi.
Michael Schumacher, Mercedes-Benz (Mercedes MGP W01)
1998-ci ildə Mixaelin qarşısında Mercedes-Benz mühərriki ilə təchiz edilmiş McLaren komandası və onun pilotları Mika Hakkinen və Devid Kulthard durmuşdurlar.İlk Avstraliya Qran Prisi McLaren komandasının inanılmaz üstünlüyə malik olduğunu göstrədi. Bir çoxları üçün artıq çempion titulunun aqibəti bəlli idi. Bununla razılaşmayan və McLaren'lərlə mübarizə aparan yeganə pilot Mixael oldu. Nəticədə, o mövsümü çempionluq titulunu qazanan Mika Hakkinendən sonra ikinci olaraq tamamladı. 1999-cu il Mixaelin fanatlarının xatirində onun Silverstoundakı qəzası ilə qalacaqdır. Həmin anlarda, alman pilotun pərəstişkarlarının nə hisslər keçirdiyini anlamaq çətin deyildi. Ayrton Sennanın ölümü bir çoxumuzun gözləri önündə idi və mən də hər kəs kimi böyük həyəcan keçirirdim. Lakin, Sennanın və Ratsenbergerin ölümündən sonra görülən təhlükəsizlik tədbirləri bəhrəsini vermişdi. Mixael bu qəzadan sonra altı yarışı buraxmalı oldu və onun Malasiyadakı möhtəşəm qayıdışı Ferrarinin fanatlarına yeni sevinclər bəxş etdi - 20 ildən sonra Ferrari ilk dəfə Konstruktorlar kubokunu əldə etdi və növbəti ilə olan ümüdlərimizi gücləndirdi. Formula 1 çempionatını izlədiyim müddətdə ən çox həyəcan keçirdiyim və misilsiz sevinc hissi yaşadığım Qran Pri 2000-ci ilin Yaponiya Qran Prisi oldu.
Həmyerlisi, birinci dünya müharibəsinin ən yaxşı hərbi pilotu olan baron Manfred fon Rixthofen kimi «Qırmız baron» adlandırılan Şumaxer, 21 ildən sonra Ferrariyə çempion titulunu qazandlran ilk pilot oldu. Bu yarış bü günkü kimi yadımdadır - əvvəlindən son döngəsinə kimi.
Hətta, bu yarışın kasetə qeyd etdiyim videoyazısını dəfələrlə izləmişəm. Bəli, o zamanlar YouTube sayaq videokanallar yox idi və bir çox fanat yarışları videokasetə qeyd edirdi. Mənim də belə bir kolleksiyam mövcüd idi. Mövsüm arasında yarışları yenidən nəzərdən keçirib təhlil edirdim və sonradan bunu digər Formula 1 fanatları ilə müzakirə edirdik ki, onların sırasında o zaman fanatlar arasında tanınan və bu il Bakıda keçiriləcək Avropa Qran Prisinin elçisi olan məşhur F1 şəhrçisi Rəhim Əliyev də var idi.
Sonrakı illər Ferrarinin üstünlüyü şəraitində keçdi və Mixael ardı-ardına qələbələr qazanaraq bir çox rekordlara imza atdı: yeddiqat dünya çempionu, 91 qələbə, 155 podium, bir mövsümdə ən çox qələbə (13), 77 ən sürətli dövrə, ardıcıl olaraq 5 çempion titulu.
Lakin, 2005-ci ildə problem yaşayan Ferrari Şuminin mübarizəyə davam etdirməsinə imkan vermədi və çempion titulunu, bu gün Bakıda Avropa Qran Prisinin elçisi kimi qəbul etdiyimiz ispaniyalı pilot Fernando Alonsoya təhvil verməyə məcbur oldu.
Əgər məndən Şumaxerin ən güclü rəqibinin kim oıduğunu soruşsanız, şübhəsiz onun finlyandiyalı pilot Mika Hakkinenin olduğunu söyləyəcəyəm. Mən bu iki pilotun mübarizəsindən olduqca böyük həzz alırdım. Buna misal olaraq, Hakkinenin Şumini 2000-ci ildə Belçika Qran Prisindəki ötməsini misal çəkmək olar. Mika və Şumi arasında hər zaman mübarizə centlemensayağı olmuşdur və pilotların şəxsi münasibətinə də sirayət etmişdir.
2006-cı ildə Formula 1 çempionatında iştirakına son qoyan alman pilot üç ildən sonra Mercedes-Benz komandası ilə anlaşaraq yenidən yarışlara qayıtsa da əvvəlki uğurlara imza ata bilmədi. Bunun nəticəsi olaraq o, 2012-ci ildə Formula 1 həmişəlik tərk etməli oldu. Kumirinin çempionatı tərk etməsi nə qədər kədərli olsa da, Şuminin böyük pərəstişkar ordusunu sarsıdan müthiş xədər 2013-cü il dekabrın 29-da gəldi. Fransanın Meribel kurortunda xizək sürərkən qəzaya uğrayan yeddiqat dünya çempionu, həkimlərin çoxsaylı səylərinə baxmayaraq, başından aldığı xəsarət nəticəsində bu gün sərbəst hərəkət etmək qabiliyyətini itirmişdir.
Həyat qəribəliklərlə doludur - ən təhlükəli idman növündə yarışan və çoxsaylı uğurlara imza atmış bir insan, bir çoxlarının təhlükəsiz saydığı əyləncə zamanı aldığı zədə nəticəsində normal həyatla vidalaşmalı olur. Lakin, Mixaelin fanatı olaraq ümid edirik ki, canlı əfsanəyə çevrilmiş idmançı bu mübarizədən də qalib çıxacaqdır.