Sən demə, bir neçə il bundan öncə, Volkswagen konserni FCA konserninə maraqlı bir təkliflə müraciət edib – almanlar italyanlara Alfa Romeo şirkətini onlara satmağı təklif ediblər. Bu barədə məlumatı, Stellantis ittifaqının rəhbəri Karlos Tavaresə və öz mənbələrinə istinad edən “Autocar” nəşri yayıb.
Nəşrin yazdığına görə, Alfa Romeo şirkətini almaq ideyası konsernin Müşahidə Şurasının o zamankı sədri Ferdinand Pyexə məxsus olub. Pyex italyan markanın avtomobillərinə olan heyranlığı ilə tanınırdı. 2018-ci ildə Ferdinand Pyex FCA konserni ilə əlaqə yaratmağı və İtalyan avtomobil istehsalçısını satın almaq təklifini konsern rəhbərliyinə çatdırmağı tapşırıb. Volkswagen konserninin planlarına görə, Alfa Romeo markası Porsche şirkətinin himayəsinə verilməli idi.
2018-ci ilin iyun ayında Volkswagen konserinin rəhbəri Herbert Diss FCA ittifaqının başçısı Mayk Mənli ilə görüşüb. O zamanlar, FCA ittifaqının Ferrari kimi Alfa Romeo şirkətini də konsernin tərkibindən çıxara biləcəyi barədə şayiələr yayılmışdı. “Autocar” nəşrinin bildirdiyinə görə, Diss Pyexin xahişini Mənli çatdırıb və FCA konserninin Alfa Romeo şirkətini satmaq planının olması haqqında maraqlanıb. Lakin Mənli italyan markasının satılmadığını bildirib və nəticədə razılaşma baş tutmayıb.
Ferdinand Pyex 2002-2015-ci illər arasında Volkswagen konserninin Müşahidə Şurasının rəhbəri olub və konsernin daxilində gedən proseslərə böyük təsir göstərib. Dizel qalmaqalından bir müddət əvvəl Pyex istefa verib və konsernin o zamankı rəhbəri Martin Vinterkorn ilə yaranmış qarşıdurma nəticəsində Volkswagen konsernindən ayrılıb. Ferdinand Pyex 2019-cu ilin avqust ayında 82 yaşında vəfat edib.