1967-ci il model ilinin İlk nəsil Ford Escort modeli əsasən İngiltərədə hazırlanmış və istehsal olunmuşdur. Təəccüblü deyil ki, Dumanlı Albionun bir çox sakinləri vaxtilə populyar olan bu yığcam avtomobil üçün nostalji hissləri keçirirlər. Boreham Motorworks şirkəti bu hisslərdən yayarlanmaq qərarına gəlib və cari ilin yayında orijinal Escort modelinin müasir versiyasını buraxacağını elan edib. İndi bu avtomobil tam hazırdır.
Yenidən canlandırma üçün, əlbəttə ki, "bərkgedən" Ford Escort RS kupesi seçilib. Avtomobilin kuzovunun forması ehmalla qorunub, lakin müasir LED işıqlandırma avadanlığı və genişləndirilmiş təkər tağları quraşdırılıb. Bundan başqa, avtomobil retro dizaynlı 15 düymlük təkər disklərinə sahib olub.
Ən vacibi isə, polad kuzov orijinal avtomobillərin hissələrindən istifadə olunmadan sıfırdan hazırlanıb. Karbon plastiksiz də ötüşməyib: kapot və baqajın qapağı kompozitdən hazırlanıb. Müasir istehsal texnologiyaları sayəsində avtomobilin çəkisi 800 kiloqramda saxlanılıb.
Kompozitdən salonda da istifadə olunub. Ön panel karbonplastikdən hazırlanıb və alkantara ilə örtülüb. Sıfır mövqe işarəsi olan üçqollu sükan çarxı da quraşdırılıb.
Sürücünün qarşısında narıncı işıqlandırmalı analoq cihazlar paneli var, mərkəzdə isə, mikroiqlimi idarəetmə paneli və autentikliyi pozmayan miniatür ekranlı media sistemi yerləşir. Bundan başqa, salonda dördnöqtəli təhlükəsizlik kəməri olan ön oturacaqlar, təhlükəsizlik qəfəsi və yarış dəbilqəsi üçün bölmə quraşdırılıb.
Escort orijinal arxa ötürməni saxlayıb, lakin differensial indi özükilidlənəndir. Baza güc bloku 4-pilləli düzdişli ötürmələr qutusu ilə tandemdə çalışan orijinal Ford Twin Cam atmosfer mühərrikidir.
Mühərrikin həcmi 1601-dən 1845 kubsantimetrə qədər “yonulub” və o, müasir yanacaq püskürtmə sistemi ilə təchiz edilib. Nəticədə aqreqatın gücü 117-dən 185 at qüvvəsinə qədər yüksəldilib.
Bunu kifayət qədər olduğunu hesab etməyənlər üçün yeni 2,1-litrlik atmosfer mühərriki hazırlanıb. O, inanılmaz 300 at qüvvəsi hasil etdirir və 10.000 dövr/dəqiqəyə qədər fırlanır! Onun çəkisi cəmi 85 kiloqramdır. Onu güzgü tipli ötürmə sxemi olan 5-pilləli mexaniki transmissiya müşayət edir.
Ön tərəfdə McPherson dayaqları, arxada isə balanslaşdırılmış yarıoxları olan körpü quraşdırılıb. Bütün asqılarda tənzimlənən yaylı dayaqlar var. Ön əyləclərdə dördporşenli mexanizmlər və 260 millimetrlik disklər, arxada isə, ikiporşenli supportlar və 264 millimetrlik disklər var. Escort kupesində nə köməkçi elektronika, nə də sükan gücləndiricisi var.
Bütün bunlar restomodun təsviri kimi səslənir, elə deyilmi? Amma bu heç də belə deyil! Boreham Motorworks kupenin yaradılmasını “continumod” termini ilə adlandırır, yəni “davam etdirilmiş model”.
Fakt ondadır ki, şirkət Ford konserni ilə lisenziya müqaviləsi bağlayaraq təkcə Escort adından deyil, həm də orijinal Ford avtomobillərinin işarələnməsi qaydasını davam etdirən zavod VIN nömrələrindən istifadə etmək hüququ alıb.
Yeni sportkarın tirajı 150 nüsxə ilə məhududlaşdırılıb və onların hər birinin qiyməti ən azı 295 min funt sterlinq olacaq. Üstəlik, avtomobillərə iki il və ya 32 min kilometr zəmanət veriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.