Rolls-Royce Motor Cars şirkətinin Şərqi Avropa və MDB ölkələrindəki korporativ əlaqələr üzrə direktoru Frank Timann ilə, britaniya markasının Bakıda yerləşən sərgi-salonunda görüşdük. O, bu salonda nümayiş etdirilən dəbdəbəli Rolls-Royce modelləri barədə şəxsən məlumat verdi. Tanışlıqdan sonra, biz Rolls-Royce markası, satışlar, müştərilər və yeni model haqqında ətraflı söhbət etdik.
R.M. Rolls-Royce avtomobillərinin alıcıları kimlərdir?
F.T. Alıcıların 80 faizi iş adamlarıdır. Onlar öz müəssisələrini yaradaraq milyonlar qazanmış, uğurlu və varlı insanlardır. Qalan 20 faiz isə, idman, əyləncə və şou-biznes aləmində ad-san qazanan məşhurlar, həmçinin yüksək vəzifəli dövlət adamlarıdır. Eyni sözləri Azərbaycana da şamil etmək olar. Bizim burada olan müştəriləmizin əksəriyyəti uğur qazanan iş adamlarıdır.
R.M. Rolls-Royce sahibi harada oturur?
F.T. Yaxşı sualdır. Əgər tarixə nəzər salsaq, bir çoxları Rolls-Royce sahibini 60 yaş və onun üzərində olan sərnişin, sürücünü isə, uniformada və furajkada olan şofer kimi görürlər. Əvvəllər belə olub.
Son on ildə bu tendensiya tamamilə dəyişilib. BMW konserninin tərkibinə daxil olduqdan sonra biz, tamamilə yeni modelləri buraxmışıq. Bizim model xəttimizdə yeni Wraith kupesi və Dawn kabrioleti peyda olub.
Həmçinin biz, sahibinin daha çox sükan arxasında vaxt keçirəcəyi dördqapılı Ghost limuzinini də təqdim etmişik. Ghost sedanının alıcılarının 80 faizi onun sükanı arxasında oturur.
Bizim apardığımız sorğunun nəticələrinə görə, hətta Phantom modelinin sahiblərinin əksəriyyəti də vaxtaşırı olaraq onu idarə edirlər.
Gün ərzində onlar sürücünün xidmətindən istifadə etsələr də, həftəsonları özləri sükan arxasına keçməyi üstün tuturlar.
R.M. Markanı rəqiblərindən fərqləndirən nədir?
F.T. Bizim əsas rəqiblərimiz zinyət əşyaları, təyyarələr, yaxtalar və digər bahalı əşyalardır. Rolls-Royce avtomobilini A nöqtəsindən B nöqtəsinə getmək üçün almırlar. Bu məqsədlər üçün Rolls-Royce sahibinin qarajında digər markalardan olan 4-5 avtomobil mövcuddur. Əksər hallarda onlar bizim avtomobildə bayramlara, şənliklərə və hansı isə təntənəli tədbirlərə yollanırlar.
R.M. Hansı halda Rolls-Royce alırlar?
F.T. Məsələn, iri layihənin uğurla başa çatmasından, şirkətin uğurlu satışından və yaxud digər böyük uğurlardan sonra insanlar özlərinə bizim avtomobili hədiyyə edirlər. Bu halda onlar, misal üçün, Rolls-Royce, helikopter və yaxud yaxta arasında seçim edirlər. Biz avtomobil markaları ilə rəqabət aparmırıq, biz çox bahalı və dəbdəbəli əşyalarla rəqabət aparırıq.
R.M. Yaxın illərdə hansı yeniliyə şahid olacağıq? Hazırda bütün dünyada çox populyar olan SUV avtomobilinə?
F.T. Biz rəsmi olaraq Cullinan layihəsi barədə bəyan etmişik. Biz bu layihəni SUV kimi qəbul etmirik. Bu yüksək keçiş qabiliyyəti olan tam çəkişli Rolls-Royce avtomobilidir. Biz onu SUV sinifinə aid etmirik, bu idman deyil, biz praktikliliyə iddia etmirik, və o sadəcə nəqliyyat vasitəsi deyil. Cullinan layihənin kod adıdır.
Avtomobilin əsl adı yaxın zamanlarda açıqlanacaqdır. Son zamanlar ofroderlər seqmenti sürətlə inkişaf edir və daha çox maraq doğurur. Bizim müştərilər tez-tez belə avtomobillər ilə maraqlanırlar. Bu səbəbdən də, əvvəllər bizim model xəttində olmayan avtomobili yaratmaq qərarına gəldik.
Buna görə də biz, markamızın uğurunu təkrarlayacaq Cullinan layihəsini yaratdıq.
R.M. Dünya üzrə satışları necə qiymətləndirirsiniz?
F.T. Bizim brend və avtomobillər eksklyuzivdir. Buna görə də iri satış həcmlərindən danışmağa dəyməz.
Bu hal markamızın cəlbediciliyinin artmasına xidmət göstərir. Bizim satışlarımız hər il artır. Bizim üçün ən iri bazar Amerika Birləşmiş Ştatlarıdır. Hətta, orada da satışlar kiçik saydadır. Bizim müştəriləri cəlb edən də bunlardır – qeyri-adi, bənzərsiz və eksklyuziv olmaq.
R.M. Azərbaycandakı satışlardan razısınız?
F.T. Bizin siyasətimiz Azərbaycanda da dəyişilməz qalır. Biz böyük satışlar barədə düşünmürük. Bizim üçün sizin bazar maraqlıdır və burada təmsil olunmaq istəyirik. Son bir neçə ildə Azərbaycanda iqtisadi dəyişikliklər baş verib və bunu öz üzərimizdə hiss etmişik. Bir müddət bundan öncə, Bakıda yeni Black Badge modellərini təqdim etdik. Rəylər çox müsbətdir, ona görə də bu modelin ölkənizdəki gələcəyindən əminik.