Bu ilin yazında alman avtonəhəngi olan Volkswagen konserninin rəhbərliyi rəsmi olaraq Formula 1 çempionatında Porsche və Audi markalarının iştirakına razılıq verdiyini təsdiqləyib. Lakin bu günə qədər alman markalarının çempionatda hansı formatda çıxış edəcəyi rəsmi olaraq dəqiqləşdirilməyib.
Belə ki, Porsche markasının Red Bull Racing konmandasının güc qurğusu təchizatçısına çevriləcəyi hesab olunur. Əgər sövdələşmə baş tutmazsa, alman istehsalçısı nəzərini Williams komandasına yönəldə bilər. Öz növbəsində, dolaşan şayiələrə görə, Audi şirkəti McLaren komandasını almaq təklifi ilə çıxış etsə də, tərəflər qiymətdə razılaşmayıblar. Nəticədə, “üzüklərin hakimi” Sauber və Aston Martin ilə danışıqlara başlayıb.
Bu günlərdə peyda olan çoxsaylı şayiələr Sauber komandasının demək olar ki, tamamilə İnqolştadt istehsalçısına satıldığından xəbər verir. Belə ki, İsveçrənin “Blick” nəşri artıq müqavilənin imzalandığını və bu barədə məlumatın Avstriya Qran Prisi zamanı açıqlanacağını iddia edir.
Dərc edilmiş məqalədə hətta Formula 1 çempionatında iştirak edən komandaların rəhbərlərindən birinə də istinad var. Adının çəkilməsini istəməyən komanda rəhbəri - “Başa düşmürəm, onlar nəyi gizlədirlər. Audi artıq Sauber komandasının səhmlərinin 25 faizini alıb və əlavə 50 faizlik səhm paketinin alınması üzrə sövdələşməni sona çatdırmaq üzrədir. Bu kifayət qədər ciddi məbləğdir”, - deyə bildirib.
Digər tərəfdən hazırda Alfa Romeo adı altında çıxış edən Sauber komandasının rəhbəri Frederik Vasser heç bir şeyin həll olunmadığını və Volkswagen şirkətinin avtoidman bölməsinin sahiq rəhbəri Yos Kapitonun başlığıq etdiyi Williams komandası ilə razılaşma ehtimalının daha güclü olduğuna eyham vurub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.