BMW şirkətinin 2-ci seriyası öz müxtəlifliyi ilə seçilir. Model çeşidində belə indeksə sahib olan fərqli avtomobillər var. Məsələn, arxa ötürməli kupe, ön ötürməli sedan və ya kompaktven. 2014-cü ildə debüt edən 2 Series Active Tourer kompaktveni ön ötürməli UKL platformasında inşa edilmişdi. Başlanğıc uğurlu olmuşdu: 2016 -cı ildə 100.000-dən çox Active Tourer və Gran Tourer kompaktveni satılmışdı.

Ancaq sonradan bu kompaktvenlər cəlbediciliyini itirməyə başladılar və artıq 2020-ci ildə satış həcmi 30 minə qədər gerilədi. Buna baxmayaraq, kompaktvenin ikinci nəsli işıq görüb - modelin formatı və dizaynı kökündən dəyişməsə də, ancaq zavoddaxili U06 kodu, F və G seriyalarından sonra yeni bir fəsil açır.

Kompaktvenin silueti daha çox adi hetçbeki xatırladır: ön dayaqdakı əlavə pəncərələr yox çıxıb, kapot daha üfüqi hala gəlib və arxa baqaj pəncərələri böyüyüblər. Təbii tutuşu olan qapı dəstəkləri “batmışları” ilə əvəzlənib. LED fənərlər artıq standartdırlar, əlavə ödəniş qarşılığında uzaq matrisa işıqları olan adaptiv fənərləri quraşdırmaq olar. Kuzovun aerodinamik müqavimət əmsalı 0.27 -dən 0.26 -ya endirilib.

Kuzovun burulmaya qarşı sərtliyi artırılıb, ancaq ölçüləri elə də ciddi dəyişməyib: ikinci nəsil Active Tourer modeli sələfindən 32 millimetr uzun (4386 millimetr), 24 millimetr enli (1824 millimetr) və 21 millimetr yüksək (1576 millimetr) olub. 

Təkər bazası dəyişməyib (2670 millimetr), lakin təkər izi daha genişdir və standart klirens 165-dən 171 millimetrə qədər artırılıb – bu, ilk növbədə, profili artmış yeni təkərlər sayəsindədir (205/60 R16 şinlərini 205/65 R16 ölçülü şinlər əvəzləyib ). Əlavə ödəniş qarşılığına, diametri 19 düymə qədər olan təkər disklərini lər sifariş etmək olar.

UKL2 platforması ikinci nəsil hesab edilsə də, memarlıq baxımından dəyişməyib. Öndə kastoru 15% artan McPherson dayaqları, arxada isə yayları və amortizatorları ayrılıqda quraşdırılan üçqollu müstəqil asqı var. Əlavə ödəniş qarşılığında, amplitudadan asılı amortizatorları olan M-asqısı və klirensin 15 millimetr azaldılması təklif edilir. Kruiz-kontrol və avtomatik əyləcləmə sistemi artıq standart təchizata daxildir, adaptiv kruiz-kontrol və zolaqda saxla funksiyası isə opsiyadır.

İkinci nəsil Active Tourer kompaktveni yeni interyer arxitekturasını alan ilk daxili yanma mühərrikli BMW modelidir. Əvvəllər yalnız BMW iX elektrokarında belə bir konsepsiya tətbiq edilmişdi. Sürücünün qarşısında günlüyü olmayan və iki ekranı özündə cəmləşdirən vahid panel var: cihazlar panelinin ekranının diaqonalı 10,7 düym, mediasistemin sensorlu ekranının isə 10,25 düymdür.

İqlimə nəzarət sisteminin bütün idarəetməsi ekranda cəmlənib, demək olar ki, heç bir fiziki düymə qalmayıb. Kompaktvenin təchiz edildiyi iDrive media sistemi böyük modellərdə olduğu kimi BMW OS 8 əməliyyat sisteminə malikdir.

“Süzən” mərkəzi konsol da BMW iX modelindən götürülüb. Konsolda transmissiyanın mini selektoru, qəza işıqları və park əyləcinin düymələri yerləşdirilib. Bəs mexaniki tranmsissiyanın dəstəyi necə olacaq? Bu problem kökündən həll olunub - kompaktven artıq belə ötürmələr qutusu ilə təklif edilməyəcəkdir.

Adi mərkəzi konsolun yerinə, gadcetlər üçün böyük bir məkan var ki, bu da sərnişinlərə  onların ekranlarına daha yaxşı nəzarət etməyə imkan verəcəkdir. Qəza zamanı sürücü və sərnişinin toqquşmasının qarşısını almaq üçün ön oturacaqlar arasında mərkəzi hava yastığı yerləşdirilib.

Arxa sıranın konsepsiyası dəyişməyib. Arxa divanın kürək hissəsi 40:20:40 nisbətində üç hissəyə bölünür və hər biri əyilmə bucağına görə tənzimlənir. 130 millimetrlik uzunlamasına tənzimləmə də qorunub saxlanılıb. Arxa cərgəni hərəkət etdirərək baqajın həcmini 90 litr artırmaq və ya azaltmaq olar. Salonda dörd USB-C girişi var, ön cərgədə və baqajda isə 12-voltluq çıxışlar quraşdırılıb.

Satışların başlanğıcında kompaktven dörd modifikasiyada təklif ediləcəkdir və onların  hamısı ön ötürmə və yeddi pilləli "robot" ilə təchiz ediləcəkdirlər. Benzin mühərrikləri turbokompressora və kombinə edilmiş yanacaq püskürtməsinə malikdirlər. 

Baza variantı olan BMW 218i Active Tourer modeli 136 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,5-litrlik üçsilindrli turbomühərrik ilə təchiz edilir, 220i Active Tourer versiyasında isə, eyni mühərrikin 156 at qüvvəsi və 240 Nm fırlanma anına malik olan versiyası quraşdırılır. 223i Active Tourer modifikasiyası 204 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük” ilə hərəkətə gəlir.

Eyni zamanda, 220i və 223i versiyalarında ötürmələr qutusuna quraşdırılmış, 19 at qüvvəsi hasil edən, start-stop sistemində işləyən və sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə yardım edən 48-voltluq startyor-generatoru tətbiq edilir. “Mülayim” hibridlərin gücü, müaviq olaraq, 170 və 218 at qüvvəsinə çatır.

Möcüzəvi şəkildə modifikasiya çeşidinə daxil edilmiş BMW 218d Active Tourer dizel versiyası iki axınlı turbokompressoru olan 2,0-litrlik dördsilindrli mühərrikə malikdir. Bu aqreqat 150 at qüvvəsi və 360 Nm fırlanma anı təklif edir. Tam ötürmə sistemi isə yalnız qoşulan hibridlərdə olacaqdır. Belə versiyalar əvvəllər də təklif edilirdi, amma indi onlar ən yeni BMW elektromobillərində quraşdırılan beşinci nəsil eDrive elektrik sisteminə sahib olublar.

Hibridlərin ön təkərlərini eyni 1,5-litrlik benzin turbomühərriki hərəkətə gətirir, arxa oxda isə ayrıca elektrik mühərriki quraşdırılıb. Sərnişin bölməsinin döşəməsinin altına faydalı tutumu 14,9 kilovat-saat olan dartma batareyası yerləşdirilib. Elektrik rejimində kompaktven 80 kilometrə (WLTP) qədər məsafə qət edir,  yükləmə cihazının gücü isə 7,4 kilovatdır. Batareyanın tam doldurmasına iki saat yarım vaxt gərəkdir.

Hibridlər, əvvəlki bir variantın əvəzinə iki versiyada təklif olunacaqdırlar. Onlardan birincisi - BMW 225e xDrive Active Tourer modeli 136 at qüvvəli benzin və 109 at qüvvəli elektrik mühərriklərinə malikdir. Hibrid qurğunun ümumi gücü 245 at qüvvəsidir. BMW 230e xDrive Active Tourer modifikasiyasında daxili yanma mühərriki 150 at qüvvəsi, elektrik mühərriki isə 176 at qüvvəsi hasil edir. Qurğunun ümumi gücü 326 at qüvvəsidir.

Hibridlərin mənfi tərəfi kiçildilmiş baqaj bölməsidir: onun həcmi 406 ilə 1370 litr arasındadır. Sırf benzin versiyaları olan 220i və 223i modellərində bu göstərici 415-1405 litr, 218i və 218d dizel modifikasiyalarında isə 470 - 1455 litrdir. Müqayisə üçün, əvvəlki Active Tourer 468-1510 litr təklif edirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Active Tourer kompaktveni əvvəlki modelin buraxıldığı Leypsiqdəki zavodda istehsal ediləcəkdir. Avropada satışların başlaması fevral ayına planlaşdırılır, qiymətlər isə 35.750 avrodan başlayacaqdır. Hibrid versiyaların satışı yayda başlamalıdır. Belə versiyaların  qiyməti 44 min avrodan start götürəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.