İtaliyadakı Komo gölünün sahilində yerləşən Villa d’Este adı ilə tanınan və XVI əsrə aid olan qədim malikanənin ərazisində keçirilən Concorso d’Elegnza Villa d’Este müsabiqəsində BMW şirkəti 193-cü ilin əfsanəvi 2002 Turbo modelinə həsr etdiyi Hommage konseptini təqdim etmişdir. Bavariya istehsalçısının M2 «qaynar» kupesinin bazasında hazırlanmış konseptual avtomobili əcdadının layiqli davamçısı saymaq olar. BMW 2002 Turbo modelinin müasir təfsiri olan Hommage konsepti klassik avtomobilin dizayn üslubunu xarıladan görkəmə malikdir.
Bu cizgilərin ən bariz nümunəsi kimi genişləndirilmiş bamperləri, işıq texnikasının formasını və yeni radiator barmaqlığını göstərmək olar. Konseptual kupeyə arxadan nəzər saldıqda 2002 Turbo avtomobilini xatırladan kvadrat formalı fənərləri və «ördək quyruğu» üsubunda hazırlanmış arxa spoyleri görmək mümkündür.
Bu möhtəşəmliyi tamamlayan ən cazibədar elementlərdən biri də, Y-formalı millərə malik olan ikirəngli 20-düymlük təkər diskləridir.
Bavariyalı istehsalçısının fikrincə BMW 2002 Hommage konsepti «əcdadı olan BMW 2002 Turbo modelinin və Hommage avtomobillərinin klassik ənənlərinə sadiq qalan yığcam idman avtomobilidir. Bu konsept, klassik idarəetmədən həzz alma yollarının müasir təzahürüdür».
BMW şirkəti 2002 Hommage konseptinin texniki xüsusiyyətlərini açıqlamasa da, çox güman ki, konseptaul kupe donorunun 435 at qüvvəsi gücü və 465 Nm fırlanma anı olan iki turbokompressorlu 3,0-litrlik altısilindirli mühərriki ilə hərəkətə gəlir.
BMW 2002 Hommage konsepti bu sərgidə heç də tək olmayacaqdır. Onunla birlikdə, Bavariyalı istehsalçının bu günə qədər Concorso d’Eleganza Villa d’Este müsabiqəsi üçün hazırladığı digər konseptlər də nümayiş etdiriləcəkdirlər.