BMW 3 Series ailəsi Bavariya istehsalçısı üçün inanılmaz dərəcədə vacib ailədir. 1975-ci ildən bəri bu model dünya üzrə 20 milyondan çox nüsxədə satılıb ki, bunun da təxminən üç milyonu hazırkı yeddinci nəsil G20 modelinin payına düşür. Bəzi bazarlarda üçüncü seriyanın payı ümumi BMW şirkətinin satışlarının 35 faizinə çatır. Belə populyarlıq istehsalçının ailəyə daxil olan modelləri tez-tez modernləşdirilməyə vadar edir: ailənin tam restaylinqi 2022-ci ildə keçirilib, indi isə, növbəti yenilənmə dəsti hazırlanıb.

Mülki “üçlüklər” zahiri cəhətdən dəyişməyiblər. Onlar sadəcə iki yeni kuzov rəngini (Artctic Race Blue və Fire Red) alıblar. İndi alıcılar iki "qeyri-metallik" də daxil olmaqla doqquz rəngdən birini seçə bilərlər.

M Sport paketinə qara və ya iki rəngə boyanan yeni 19-düymlük təkər diskləri daxildir. BMW Individual kataloquna isə, eyni diametrli, lakin Y formalı elementləri olan fərqli dizayna malik olan disklər əlavə edilib.

Baza sükan çarxı artıq ikiqolludur, lakin M Sport paketini sifariş etdikdə sıfır mövqeyi işarəsi olan üçqollu sükan çarxı quraşdırılır. Hər iki sükan işıqlandırılan düymələr və ötürmələrin dəyişdirilməsi üçün “avarlarla” təchiz olunur.

Salonun kontur işıqlandırması artıq əlavə iş rejimlərinə və “kaskad” effektinə malikdir. Havalandırma deflektorlarında axın istiqamətini tənzimləmək üçün yeni coystik-tutacaqlar peyda olub. 

BMW OS media sistemi yeni menyu dizaynı və genişləndirilmiş funksionallığı olan 8.5 versiyasına qədər yenilənib. İnteryer üçün ənənəvi olaraq, dekorativ bəzək variantları nəzərdə tutulub: məsələn, indi Crafted Clarity şüşə əlavələrindən istifadə edilir.

BMW 3 Series avtomobilləri əvvəlki kimi, dörd və ya altı silindrli (150-dən 374 at qüvvəsinə qədər) benzin və ya dizel turbo mühərrikləri, arxa və ya tam ötürmə ilə təklif edilirlər. Mexaniki transmissiya iki il əvvəl transmissiya çeşidindən çıxarılıb - indi bütün versiyalarda səkkiz pilləli avtomatik transmissiya quraşdırılır.

Yeganə texniki yenilənmə - BMW 330e təkrar doldurulan hibridləri (292 at qüvvəsi) üçün nəzərdə tutulmuş beşinci nəsil dartma batareyasıdır. Onun tutumu 12-dən 19,5 kilovat/saatadək artırılıb, bunun sayəsində elektrik rejimindəki yürüş məsafəsi 60-dan 101 kilometrə qədər yüksəlib (sedan üçün).

Yeni bort rektifikatoru bu rejimdə 11 kilovata qədər gücü olan üçfazalı şarjı dəstəkləyir, batareyanın tam doldurulmasına isə, 2 saat 15 dəqiqə gərəkdir.

Ekstremal BMW M3 modelləri də restaylinqdən keçiblər. İki il əvvəl, bütün ailənin planlaşdırılmış yeniləməsindən sonra onların görünüşü dəyişməyib, çünki M3 modellərinin ön tərəfinin dizaynı dördüncü seriyanın avtomobilləri ilə unifikasiya edilib.

Dördüncü seriya yalnız bu ilin əvvəlində yenilənib və indi bu yeniliklər BMW M3 sedan və unversallarına köçürülüb. Fərqli içalatları olan LED fənərlər, eləcə də təkər disklərinin fərqli dizaynı peyda olub. 

İnteryerdəki dəyişikliklər mülki "üçlüklər" ilə eynidir, lakin M3 modelləri üçün aşağı hissəsi “kəsilmiş” yeni sükan çarxı, ön panelin süni Sensatec dərisi ilə üzlənməsi, habelə alüminium və karbondan hazırlanmış yeni dekor variantları təklif edilir.

Texniki yeniliklər yalnız tamötürməli BMW M3 Competition top versiyasında baş verib: 3.0-litrlik biturbo mühərrikin gücü 510-dan 530 at qüvvəsinə qədər artırılıb. Fırlanma anı dəyişməyib - 650 Nm. 

100 km/saata sürətlənmə müddəti də dəyişməz qalıb - sedan bu işə 3,5, universal isə, 3,6 saniyə sərf edir. Bununla belə, 200 km/saata sürətlənmə vaxtı 0,5 saniyə aşağı salınıb: sedan və universal bu tapşırığı müvafiq olaraq 11,8 və 12,4 saniyəyə yerinə yetirir.

Mexaniki ötürmələr qutusu olan arxa ötürməli BMW M3 (480 at qüvvəsi) və avtomatik transmissiyalı  BMW M3 Competition (510 at qüvvəsi) modellərinin dinamik göstəriciləri dəyişməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş BMW 3 Series modellərinin istehsalına iyul ayında başlanacaq. Almaniyadakı qiymətlər artıq məlumdur: baza sedanın qiyməti 46 400 avrodan, M3 modelinin isə, 94 200 avrodan başlayır. Çeşiddəki ən bahalı universal – tam ötürməli BMW M3 Competiton Touring modelinin qiyməti ən azı 106 300 avro təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.