BMW şirkətinin yeni strateji planına əsasən, gələcəkdə alman konserni geniş çeşiddə elektromobilləri təklif edəcəkdir. BMW qrupu, 2023-cü ilə qədər elektrikləşdirilmiş model çeşidinin 25 avtomobildən (Mini avtomobillər də daxil olmaqla) ibarət olacağını və onların təxminən yarısının sırf elektrik güc qurğusu ilə hərəkətə gələcəyini bildirib. Bir neçə il ərzində i3 hetçbekinə iX3 və iNext krossoverləri, eləcə də i4 sedanı qoşulacaqdır. Lakin, deyəsən, iş bununla bitmir.
Bu günlərdə casuslar ümumi istifadə yollarında BMW 3 Series sedanının əsasında yaradılmış yeni elektrokarın prototipinə rast gəliblər. Kamuflyaj örtüyü avtomobilin eksteryerində baş vermiş dəyişikliklərin miqyasını qiymətləndirməyə imkan verməsə də, dəyişikliklərin ciddi xarakter daşımayacağını söyləmək olar.
"Autocar" nəşrinin bildirdiyinə görə, bu elektrokarın BMW i4 modeli ilə unifikasiya edlmək şansı çox azdır. Çox güman ki, BMW X3 krossoverinin əsasında yaradılan iX3 krossoveri kimi, sedan da arxa oxda quraşdırılan elektrik mühərrikini alacaqdır. Lakin, Tesla Model 3 Performance sedanı ilə rəqabət aparmaq üçün, elektrosedanın daha güclü qurğu ilə ilə təchiz ediləcəyini də ehtimal etmək olar.
Yeni BMW elektromobilinin adı hələlik sirrdir: məlumdur ki, i3 adı hələlik kompakt şəhər hetçbekinə aiddir. Yeni elektrokarın satışa çıxarılacağı zaman da məlum deyil. Çox güman ki, yeni modelin rəsmi təqdimatı 2021-ci ildə keçiriləcəkdir.