Bu günlərdə avtomobil aləminin cəsusları kamuflyaja bürünmüş yeni nəsil BMW 3-Series sedanının prototipini yaxalayıblar. Yığcam sedanın yeni nəsli haqqında müəyyən məlumat da mətbuata sızdırılıbdir.
Məlumdur ki, cari nəsil BMW 3-Series sedanın Ştutqartdan və İnqolştatdan olan “qaynar” rəqibləri Audi S4 (354 at qüvvəsi və 500 Nm) və Mercedes-AMG C43 4Matic (367 at qüvvəsi və 520 Nm fırlanma anı) sedanlarına cavab verəcək modifikasiyası yoxdur. 326 at qüvvəsi və 450 Nm fırlanma anı olan BMW 340i və 340i xDrive modifikasiyaları güc xarakteristikalarına görə rəqiblərindən xeyli geridə qalırlar.
Lakin Autocar dərgisinin əldə etdiyi məlumatda bu çatışmamazlığın tezliklə aradan götürələcəyi bildirilir. G20 indeksinə sahib olan yeni nəsil 3-Series üçün iki M Performance variantı hazırlanır. Bunlardan biri benzin, digəri isə dizel aqreqatı ilə təchiz ediləcəkdirlər. Söylənənlərə görə, M340i M Performance sedan və universalları B58 ailəsindən olan və 360 at qüvvəsi hasil edən 3,0-litrlik turbomühərrikə sahib olacaqdırlar.
BMW M340d M Performance modeli B57 indeksli 3,0-litrlik biturbodizelə sahib olacaqdır. Lakin, bu mühərrik 320 at qüvvəsi təklif edəcəkdirsə, gəzən şayiələrə görə, onun fırlanma anı 700 Nm olacaqdır. M Performance xəttindən olan modellər idman tənzimləmələri olan asqı və sükan idarəetməsinə, həmçinin orijinal daxili və xarici tərtibatı sahib olacaqdır. İnsayder məlumatına əsasən, yeni 3-Series modelinin ölçüləri də artacaqdır.
Yeni BMW 3-Series sələfindən 60 millimetr uzun, onun təkər bazası isə 20 millimetr geniş olacaqdır. CLAR modul platformasında inşa ediləcək model sələfindən 50 kiloqram yüngül olmalıdır.
Yeni model əvvəlki kimi arxa və tam çəkiş sistemi, 6-pilləli mexaniki və 8-pilləli avtomatik ötürmə qutuları ilə təklif ediləcəkdir. Şayiələrə görə, bahalı variantlar pnevmatik asqı ilə də təchiz ediləcəkdirlər.
Dizel mühərriklərinin hasilatı artmalıdır. Belə ki, 316d modifikasiyası 136 at qüvvəsinə, 318d – 153 at qüvvəsinə, 320d - 204 at qüvvəsinə, 325d isə 238 at qüvvəsinə malik olacaqdırlar. 316i, 318i, 320i və 330i benzin modifikasiyaları 1,5 və 2,0-litrlik üç və dörd silindrli mühərriklərlə təchiz ediləcəkdirlər. Analoji həcmi mühərriklər dizel variantlarında da uraşdırılacaqdır. 3,0-litrlik sıralı altı silindrli mühərriki olan 330d və 340d modifikasiyalarının buraxılacağı da planlaşdırılır.
BMW M340i M Performance və BMW M340d M Performance modelləri 2019-cu ildə işıq üzü görəcəkdirlər. Bir ildən sonra 4-Series kupesinin bənzər modifikasiyaları buraxılacaqdır.