Bu həftə BMW cəbhəsində üç "sızma" qeydə alınıb: əvvəlcə 2 Series kupesinin prototipinin, iX3 krossoverinin seriya variantının və yenilənmiş 5 Series sedanının şəkilləri İnternet şəbəkəsində peyda olub. Lakin, növbəti məlumat tam rəsmidir.
Alman istehsalçısının mətbuat xidməti yeni nəslin 4 Series kupesinin sınaqların son mərhələsinə qədəm qoyduğunu bildirərək, yeni modelin kamuflyajlı prototipinin şəkillərini dərc edib. Bundan başqa, istehsalçı yeni kupe haqqında bəzi təfərrüatları açıqlayıb.
Məsələn, 4 Series modeli 3 Series sedanından 57 millimetr alçaq olacaqdır. Kupenin ağırlıq mərkəzi də 21 millimetr aşağı düşəcəkdir. Avtomobilin aerodinamik müqavimət əmsalı 0,015 azaldılıb. Kuzovun sərtliyinin artırılması üçün kapotun altında , alt hissədə və asqı elementlərinin bağlanması nöqtələrində gücləndiricilər quraşdırılıb.
4 Series kupesi 3 Series sedanından şassi ilə də fərqlənəcəkdir - söhbət təkcə asqı və sükan mexanizminin idman tənzimlənmələrindən getmir. Kupedə ön təkərlərin mənfi maillik bucağı artırılıb və digər sükan qolları quraşdırılıb, arxa tərəfində isə təkər izi 23 millimetr artırılıbdır. Kupe standart olaraq 18-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir.
Ekstremal BMW M4 modelini nəzərə almasaq, 4 Series ailəsinin ən güclü versiyası BMW M440i xDrive kupesi olacaqdır. Kupe M340i sedanından tanış olan 374 at qüvvəli 3,0-litrlik turbomühərrik və 48 voltluq startyor-generator ilə təchiz ediləcəkdir. 11 at qüvvəli elektromotor sürətlənmənin ilk saniyələrində mühərrikə yardım edəcək və start-stop sisteminin tərkib hissəsi olacaqdır. Bundan başqa, kupe 8-pilləli avtomatik transmissiyanı, ön oxda muftası olan tam ötürmə sistemini və elektronika idarə olunan arxa M Sport differensialını əldə edəcəkdir.
BMW 4 Series modelinin daha sadə versiyaları haqqında məlumat modelin rəsmi təqdimatı zamanı açıqlanacaqdır. Yeni kupenin debütü bir aydan sonra baş tutmalıdır. Kupenin ardınca modelin yumşaq tavanlı versiyası və beşqapılı Gran Coupe modifikasiyası işıq üzü görəcəkdir.