BMW şirkəti yeni nəsil 5-Series sedanının dizaynı barədə təsəvvür yaradan videotizeri yaymışdır. Çox güman ki, bavariyalı istehsalçı yeni modeli ilin sonuna kimi təqdim edəcəkdir. Gəzən şaiyələrə görə, yeni 5-Series gələn ilin əvvəlində baş tutacaq Detroyt və ya Los-Anjeles salonunda təqdim ediləcəkdir.
Videoçarxdan da göründüyü kimi, yeni 5-Series sedanın eksteryeri bayraqdar modeli olan BMW 7-Series modelində istifadə edilmiş dizayn üslubunda hazırlanmışdır. Çox güman ki, yeni biznes-sedan flaqmandan ön və arxa işıq texnikası ilə fərqlənəcəkdir. Yeni avtomobil, 7-Series bayraqdar modelində debüt etmiş CLAR modul platformasında yığılacaqdır. Yeni “beşliyin” quruluşunda alüminium və kompozit materialların səviyyəsi artırılacaqdır ki, bu da 80 kiloqrama qədər çəkiyə qənaət etmək imkanı verəcəkdir.
Yeni BMW 5-Series üçün başlanğıc güc aqreqatı 2,0-litrlik dörd silindirli turbomühərrik olacaqdır. Avtomobilin mühərrik çeşidinə Bavariya istehsalçısının arsenalında olan müasir altı silindirli benzin və dizel mühərrikləri və hibrid güc qurğusu daxil ediləcəkdir.
Bundan başqa, yeni 5-Series sedanının təchizatına lazer texnologiyalı ön fənərlər, jestlərlə idarə edilən multimedia və avtonom idarəetmə sistemi daxil olmalıdır.