G60 nəslindən olan yeni BMW 5 Series keçən ilin yazında təqdim edilib və ilkin olaraq, əlbəttə ki, sedan kuzovlu versiya nümayiş etdirilib. Bu gün Avropada çox sevilən Touring prefiksi və G61 indeksi olan univeral debüt edib. Yeniliyin mühərrik çeşidi də Avropadakı müştərilərin zövqlərinə uyğunlaşdırılıb. Satışların başlanğıcında yalnız dizel və elektrik versiyaları təklif olunacaqlar. Benzin mühərriklər daha sonra, təkrar doldurulan hibrid aqreqatların tərkibində debüt edəcəklər.
Gözlənildiyi kimi, yeni universal mərkəzi dayağa qədər sedanı təkrarlayır. Universalın arxa hissəsi isə, əvvəlki nəsillərdən tanış olan nisbətləri qoruyub saxlayıb: güclü mailiyə malik olan arxa pəncərə və yüngülcə aşağı düşən dam xətti.
Yeni Touring ölçülərinə görə sələfini üstələyir və baza G60 sedanı ilə eynidir: onun uzunluğu 5060 millimetr (+97 millimetr), eni - 1900 millimetr (+32 millimetr), hündürlük - 1515 millimetr (+17 millimetr) təşkil edir.
Təkər bazasının ölçüsü 2995 millimetr dir(+20 millimetr). Baza təkər diskləri dizel versiyaları üçün 18 düym, elektrik üçün isə, 19 düymdür, lakin əlavə ödənişlə diametri 21 düymədək olan diskləri sifariş etmək olar.
Yeni universalın salonu sedanla eynidir: cihazlar panelinin 12,3-düymlük və iDrive media sisteminin 14,9-düymlük ekranları standart avadanlığa daxildirlər. Əlavə ödəniş qarşılığında artırılmış reallığı olan proyeksiya displeyi də təklif olunur. Standart interyerin tamamilə "vegan" olduğu ayrıca vurğulanır, lakin universal üçün tutum göstəriciləri daha vacibdir.
Güc qurğusunun növündən asılı olmayaraq, yük bölməsinin həcmi 570 litrdir (sedanda 520 litr) və arxa cərgənin qatlanması halında bu rəqəm 1700 litrə qədər artır. İkinci cərgə 40:20:40 nisbətində bölünür, baqaj qapısı elektrik ötürməsinə malikdir. Lakin itki də var - BMW universallarının firma xüsusiyyətinə çevrilmiş açılan arxa pəncərədən, təəssüf ki, imtina olunub.
İlk zamanlarda BMW i5 Touring elektrik versiyası iki variantda təklif olunacaq. Arxa ötürməli eDrive40 elektrik universalı 340 at qüvvəsi və 430 Nm hasil edən yeganə mühərriklə təchiz olunub. Belə universal 100 km/saata 6,1 saniyəyə sürətlənir.
Tam ötürməli i5 M60 xDrive versiyasının ikimühərrikli güc qurğusu lonç-kontrol rejimində 601 at qüvvəsi və 820 Nm hasil edir. 0-dan 100 km/saat həddinə sürətlənmə 3,9 saniyə çəkir, maksimal sürət isə 230 km/saat həddində məhdudlaşır.
Hər iki versiya da qabaqcıl istilik tənzimləmə sistemi olan 400 voltluq 81,2 kilovat/saatlıq dartma batareyası ilə təchiz edilir. Arxa ötürməli i5 eDrive40 WLTP dövrü üzrə 560, tam ötürməli i5 M60 xDrive isə, 506 kilometr məsafə qət edə bilir.
Dəyişən cərəyanlı şarj cihazının gücü 11 kilovatdır (əlavə ödənişlə 22 kilovat). Daimi cərəyanlı şarj cıhazı isə, 205 kilovata qədər şarjı dəstəkləyir.
Dizel mühərrikli BMW 520d Touring və BMW 520d xDrive Touring modelləri isə, ötürmənin növünə görə də fərqlənirlər - arxa və ya tam ötürmə. Hər iki universal 2,0-litrlik dördsilindrli turbodizelə (197 at qüvvəsi, 400 Nm), 48-voltluq hibrid üstquruma və səkkiz pilləli avtomatik transmissiyaya malikdir.
Bununla belə, bu ilin yayında altısilindrli turbodizeli olan 540d xDrive modifikasiyasının və 2,0-litrlik benzin mühərrikləri ilə hərəkətə gələn iki təkrar doldurulan hibridin - 530e və 530e xDrive versiyalarının buraxılacağı vəd edilib.
Almaniyada, əksər Avropa İttifaqi ölkələrində və Yaponiyada yeni G61 universallarının satışının başlanması 2024-cü ilin may ayına planlaşdırılır. Qiymətlər hələlik açıqlanmayıb, lakin universalın qiyməti 57 550 avrodan başlayan sedandan bir qədər baha olacağı aydındır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.