Bavariya istehsalçısının təqdim edəcəyi ikinci avtomobil, şirkətin flaqmanı sayılan BMW 7-Series modelinin məişət şəbəkəsindən qidalana bilən hibrid variantıdır. Hibrid sedanın hər üç versiyası - BMW 740e iPerformance, 740Le iPerformance и 740Le xDrive iPerformance, - elektrik mühərriki ilə birgə çalışan 258 at qüvvəli 2,0-litrlik dörd silindirli turbomühərriklə təchiz edilir. Hibrid güc aqreqatının ümumi gücü 325 at qüvvəsi təşkil edir. BMW 740e iPerformance və 740Le iPerformance modelinin elektrik mühərriki ilə yürüş məsafəsi 40 kilometr, 740Le xDrive iPerformance modelinin qət etdiyi məsafə isə 37 kilometr təşkil edir.
BMW nümayəndələrinin bildirdiyinə görə, avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə 2,1 - 2,3 litr təşkil edir. Bundan əlavə, sedanın salonunda xüsusi eDrive düyməsi quraşdırılmışdır ki, onun vasitəsilə sürücü hibrid güc aqreqatının işini tənzimləyə bilir.
Eyni zamanda BMW 740e iPerformance modeli Eco Pro, Comfort, Sport və Adaptive mode (tənzimlənən) rejimləri olan Driving Experience Control sistemi ilə təchiz edilir.
Alman şirkətinin nümayəndələrinin sözlərinə görə, avtomobilin batareyalarının məişət şəbəkəsi vasitəsilə tam qidalanması üçün cəmi dörd saat vaxt tələb olunur.
Xüsusi BMW i Wallbox qurğusundan istifadə edildikdə isə, bu prosesə bir saat az vaxt sərf oluna bilər. Avtomobilin təchizatına gəldikdə isə, o flaqman modeli üçün təklif edilən bütün avadanlıqla təchiz edilə bilər.