BMW konserninin icraçı direktoru Oliver Zips flaqman 7 Series sedanının yeni nəsli barədə məlumatla paylaşıb. O, bayraqdar sedanın yeni nəslinin dörd güc qurğusu ilə təchiz ediləcəyi barədə gəzən şayiələri təsdiqləyib: benzin, dizel, hibrid və tam elektrik. Sonuncu aqreqat modelin ən güclü modifikasiyası üçün nəzərdə tutulub.
Ən “bərkgedən” BMW 7 Series modeli bazara i7 adı ilə çıxacaq və hazırkı M760i modifikasiyasını əvəzləyəcəkdir. Sedanın tamamilə elektrik güc qurğusuna və 120 kilovat saatlıq batareyaya sahib olacağı, həmçinin dolu batareya ilə 700 kilometrə qədər məsafə qət edəcəyi gözlənilir. Bundan başqa, müştərilərə daha az yürüş ehtiyatı olan və 80 kilovat saatlıq batareya ilə təchiz edilmiş versiya da təklif ediləcəkdir. İstehsalçı artıq BMW i7 elektromobilinin ictimai yollardakı sınaqlarına başlayıb.
Əvvəllər BMW 7 Series modelinin növbəti nəslinin V8 və V12 mühərriklərindən məhrum olacağı bildirilmişdir. Sedan yalnız sıralı altısilindrli mühərriki qoruyub saxlayacaqdır. Elektriklə hərəkətə gələn bayraqdar sedanın 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində debüt edəcəyi gözlənilir.