Bu gün BMW şirkəti rəsmi olaraq 8 Series Gran Coupe modelini təqdim edib. BMW 8 Series ailəsinin üçüncü üzvü olan Gran Coupe, faktiki olaraq çərçivəsiz qapıları və kupe silueti olan sedandır. Yeni dördqapılı kupe əvvəlki altıncı seriyanın analoji modelini əvəzləyib. Azərbaycanlı alıcıların belə növ kuzovlara xüsusi rəğbət bəslədiyini nəzərə alsaq, BMW 8 Series Gran Coupe bizim bazarda populyar olmalıdır.
Kupe kuzovlu “səkkizlikdən” fərqli olaraq, Gran Coupe 231 mm artırılmış təkər bazasına sahib olub. 8 Series Gran Coupe modelinin təkər bazasının uzunluğu 3023 mm təşkil edir ki, bu da bayraqdar 7 Series sedanında olduğundan 47 mm qısadır. Yeni modelin qabarit uzunluğu da kupeyə nisbətən 201 mm artaraq 5082 mm bərabər olub. Avtomobilin daha harmonik görünüşünü təmin etmək məqsədi ilə dizaynerlər kuzovun proporsiyalarını və cizgilərini dəyişiblər. Dördqapılı kupenin eni 1932 mm (+30 mm), hündürlüyü isə 1407 mm (+61 mm) olub. Avtomobilin arxa təkər izi də 28 mm genişlənib.
Kupe modifikasiyasında olduğu kimi, “böyük kupenin” də kuzovu müxtəlif materiallardan yığılıb. Məsələn, dam, qapılar, kapot, mühərrikin rama altlığı və ön çəpərcik alüminiumdan, ön panelin tiri maqnezium qarışığından hazırlanıb. Gran Coupe modeli adi kupedən 70 kq ağırdır. Əlavə ödənişlə dördqapılı kupeni karbon və ya panoram tavanla təchiz etmək olar.
BMW 8 Series Gran Coupe modelinin salonunun ön hissəsinin dizaynı kupeni təkrarlasa da, arxa hissənin özünəməxsus tərtibatı var. Burada daha geniş məkan daha mövcuddur. İstehsalçı avtomobilin 4+1 oturacaq formuluna malik olduğunu söyləsə də, üçüncü sərnişinin arxa cərgədə rahat oturacağına inanmırıq. Ortadakı yer oturacaq başlığına malik olmasa da, təhlükəsizlik kəməri ilə təchiz edilib. Modelin opsiyalar siyahısına dördzonalı klimat-kontrol və arxa pərdələr də daxil edilib.
Qeyd etmək lazımdır ki, Gran Coupe modeli kupeyə nisbətən daha geniş baqaj bölümünə malikdir – 440 (+20) litr. Dördqapılı kupenin arxa oturacaqları 40:20:40 proporsiyasında bölünən kürək hissəsinə də malikdir.
Texniki cəhətdən Gran Coupe adi kupeni təkrar edir. Baza modeli sayılan BMW 840i Gran Coupe 340 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli turbomühərriklə təchiz edilir. Belə sedan arxa və ya tam ötürmə, digər modifikasiyalar isə standart olaraq xDrive tam ötürməsi ilə təklif olunurlar. Bunlar 530 at qüvvəli 4,4-litrlik V8 mühərriki ilə təchiz edilən BMW M850i xDrive və 320 at qüvvəli 3,0-litrlik dizel aqreqatı ilə təchiz edilən BMW 840d xDrive modifikasiyalarıdır. M850i xDrive modeli 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Bu, kupe modelində olduğundan 0,2 saniyə çoxdur.
Bütün 8 Series Gran Coupe modelləri səkkiz pilləli “avtomat” ilə təchiz edilirlər. Arxa çəkişli 840i və tam ötürməli M850i versiyaları arxa differensialın elektron qapanması ilə standart olaraq təchiz edilirlər. Digər modifikasiyalar üçün bu sistem opsiyadır. Opsiyalar arasında aktiv köndələn dayanıqlılıq stabilizatorları və tam idarələnən şassi də vardır. Adaptiv amortizatorlar isə artıq baza avadanlığıdır. 8 Series üçün pnevmoasqı təklif edilmir.
BMW 8 Series Gran Coupe modellərinin satışına bu ilin sentyabrında başlanacaqdır. Sonradan modelin “bərkgedən” M-versiyası da işıq üzü görməlidir.