Yeni BMW 4 Series kupesinin təqdimatından dörd ay sonra, Bavariya istehsalçısı bu ailənin açıq kuzovlu versiyasını təqdim edib. 4 Series Convertible modeli gələn ilin mart ayında satışa çıxarılacaqdır/ Daha sonra “bərkgedən” M4 kabrioleti debüt edəcəkdir.
Əslində yeni kabrioletin dizaynı yayın ortalarında casuslar tərəfindən çəkilmiş şəkillər sayəsində açıqlanmışdı. Odur ki, sürprizlərə yer qalmayıb. İstehsalçı, yeni kabrioletin orijinallığı ilə qürurla danışır və onun 3 Series sedandan ciddi şəkildə fərqləndiyini vurğulayır.
Bununla belə, kupe ilə müqayisədə elə də böyük fərq yoxdur. İki "dördlüyün" ölçülərini müqayisə etsək, bir istisna olmaqla ölçülər üst-üstə düşəcəklər: bu gün nümayiş etdirilən model damın konstruksiyası səbəbindən simvolik bir millimetr daha yüksək olduğu ortaya çıxıb.
Bununla yanaşı, yeni kabriolet yeddi il əvvəl debüt edən sələfindən kəskin şəkildə fərqlənir. Mühəndislər üç hissədən ibarət olan sərt damı müasir yumşaq dam ilə əvəzləyiblər. Yumşaq dam 40% daha yüngüldür, eyni zamanda, akustik və iqlim rahatlığı baxımından "ənənəvi" parça damlarından xeyli dərəcədə üstündür.
Yumşaq dam sayəsində baqaj bölməsinin həcmi 385 litr (+15 litr), qatlanmış halda isə 300 litr (+80 litr) təşkil edir.
BMW 4 Series kabrioleti kupe ilə eyni dörd və altı silindrli mühərrikləri alacaq - üç benzin və üç dizel. Yeganə fərq 420d Cabriolet modifikasiyasının yalnız arxa ötürmə təklif ediləcəyidir. Xatırladaq ki, 190 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz edilən kupe xDrive tam ötürmə sistemi ilə də təchiz oluna bilər.
Kabrioletin 374 at qüvvəli mühərrik ilə təchiz edilən BMW M440i xDrive top modifikasiyası 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Bu kupe kuzovlu versiyada olduğundan 0,4 saniyə yavaşdır.
Ən güclü dizel və benzin mühərrikləri 11 at qüvvəsi hasil edən startyor-generator ilə təchiz olunurlar. Transmissiyalar eynidir - səkkiz pilləli Steptronic və Steptronic Sport “avtomatları”. Əlavə ödənişlər BMW M kataloqundan güclü əyləcləri, idman differensialını, adaptiv asqını və bir çox aksesuarları sifariş etmək olar.
Komfort vbaxımından, kabriolet kuzovlu model kupedən yalnız qatlanmış dam ilə hərəkət zamanı sərnişinlərin boyun zonasının qızdırılmasını təmin edən ənənəvi sistem ilə fərqlənir. Eyni zamanda, kabriolet kupenin təchiz edildiyi bütün təhlükəsizlik texnologiyalarını və multimedia imkanlarını da əldə edib.