BMW şirkəti Detroyt avtosalonunda yeni nəsil 5-Series sedanın ən güclü modifikasiyası olan BMW M550i xDrive modelini nümayiş etdirəcəkdir. Şimali Amerika bazarında yüksək məhsuldarlıqlı avtomobil gələn ilin yazında satışa çıxarılacaqdır. Beləliklə, BMW M5 modelinin təqdim olunacağı günə qədər M550i xDrive modeli ən güclü BMW 5-Series olacaqdır.
Əvvəl də bildirildiyi kimi, yeni nəsil “ BMW M550i xDrive modeli adi sedanlardan tərkibinə təkmilləşdirilmiş ön və arxa bamperlər, genişləndirilmiş hava girişləri, başqa arxa diffuzor və baqaj qapağının üzərinə bərkidilmiş kiçik spoyler daxil olan aqressiv aerodinamik kuzov dəsti ilə seçiləcəkdir. Bundan əlavə, avtomobilin təchizatına trapesiyaşəkilli çıxış boruları olan buraxılış sistemi və M GmbH tərəfindən hazırlanmış eksklyuziv 19 мэ 20-düymlük təkər diskləri daxil edilmişdir. Eyni zamanda, sedan klirensi 10 millimetr azaldan adaptiv asma sistemini, həmçinin Sport və Sport+ rejimlərinə malik olan sükan idarəetməsini əldə etmişdir.
BMW M550i xDrive modelinin salonunda M Performance ön idman oturacaqlarını, Dakota dərisi ilə üzlənmiş interyeri, seçilən tikişləri, idman sükan çarxını, karbondan işləmələri və alüminiumla örtülmüş pedalları görmək olar. “Qaynar” sedanın mühərrik bölümündə 4.4-litrlik V8 TwinPower Turbo benzin güc aqreqatı yerləşmişdir. Bu mühərrik 462 at qüvvəsinə və 650 Nm fırlanma anına malikdir.
Mühərrik səkkiz pilləli Steptronic avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır. Bildiyimiz kimi, BMW M550i xDrive modeli ilk “yüzlüyə” 4,0 saniyəyə sürətlənir. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.
“Qaynar” sedan 100 kilometrə 8,9 litr yanacaq sərf edir.