Atalarımızın qəşəng bir deyimi var: «Adın nədir? Daşdəmir? Yumşalarsan-yumşalar». Bu dəfə Daşdəmir rolunda BMW şirkəti çıxış edir. Soruşacaqsınız ki, nə işə? O işə ki, bu markanın əsas rəqibləri olan Audi və Mercedes-Benz şirkətləri artıq bir müddətdir ki, «yumşaq»hibridləri və ya gavur dilində MHEV (Mild Hybrid Electric Vehicle) adlandırılan hibrid güc qurğuları ilə təchiz edilən avtomobilləri təklif edirlər. Münhen istehsalçısı da, uzun müddətdir ki, bunu görməzdən gəlirdi. Lakin, artıq münhenlilər də daşı ətəklərindən tökərək qonşularına qoşulmaq qərarına gəliblər.
Bəs MHEV nədir? Bu qurğunun tərkibinə ənənəvi DYM ilə yanaşı, onun dirsəkli valı ilə qayış ötürməsi vasitəsilə birləşmiş startyor-generator və kiçik litium-ion batareyası daxildir. Hibrid hissə sırf elektrik ötürməsi ilə hərəkət etməyə imkanı verməsə də, sürətlənmənin ilk saniyələrində DYM-nə dəstək verir və start-stop sistemi ilə tandemdə çalışaraq mühərrikin yeyin işə salınmasına yardım edir. Əyləcləmə zamanı isə, generator rolunu oynayaraq batareyada enerji toplanmasını təmin edir. Bu sistemin elementləri çox yığcam ölçülərə malikdir və istənilən seriya modelinə quraşdırıla bilər.
Beləliklə, BMW şirkətinin ilk 48-voltluq hibrid modeli 190 at qüvvəli dizel mühərriki ilə təchiz edilmiş 520d sedan və universalı olacaqdır.İstehsalçının bildirdiyinə görə, hibrid qurğu 100 kilometrə 0,3 litr yanacağa qənaət etməyə imkan verəcəkdir. «Yumşaq» hibridlər Avropada noyabr ayından başlayaraq satılacaqdırlar.