Artıq xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə, BMW konserninin səhmdarlarının keçirilmiş 95-ci toplantısında, alman şirkətinin rəhbəri Harald Krüger «i» model cərgəsindən olan avtomobillərin sırasına daha bir yenisini də əlavə etmək niyyətində olduğunu bildirmişdir. O, yeni avtomobilin yığcam i3 hetçbekindən və idman kupesi olan i8 modelindən fərqli olaraq ailəvi avtomobil olacağını bildirmişdir. Toplantıda həmçinin, i3 elektrokarının yürüş məsafəsnin 50 faiz artırılacağı və yeni nəsil BMW i8 sportkarının 2018-ci ildə işıq üzü görəcəyini də bildirmişdir.
Bununla yanaşı, BMW şirkəti Vision Next 100 konseptini təqdim etməklə, günü-gündən genişlənən dəbdəbəli elektrokarlar seqmentinə də göz diktiyini dolayı yolla bildirmişdir. Tesla şirkətinin avtomobillərinin uğurlu satışları, Bavariyalı istehsalçını «i» model cərgəsinin bayraqdarı ola biləcək və 7-Series modelidən də üst pillədə qərarlaşacaq bir elektrokar haqqında düşünməyə vadar edir.
Xatırladaq ki, cənab Krüger elə həmin toplantıda alman şirkətinin 2021-ci ildə «intellektual avtomom idarəetmə sisteminə, rəqəmsal rabitəyə, tamamilə yeni interyer arxitekturasına və yüngülləşdirilmiş konstruksiyaya malik olan» yeni bir elektrokarın işıq üzü görəcəyini bildirmişdir. Çox güman ki, yeni elektrokar bu gün müşahidə etdiyimiz futuristik Vision Next 100 konseptinin seriya variantı olacaqdır.
Bununla belə, alman şirkətinin rəhbəri bu gün mövcud olan benzin və dizel mühərriklərindən də vaz keçmədiklərini və onların da inkişaf etdiriləcəyini bildirmişdir. Seçim etməkdə tərəddüd edən almanlar, daxili yanacaq mühərriklərindən əlavə, elektrik güc aqreqatlarının da inkişafına sərmayə yatırmaq niyyətindədirlər.
Artıq BMW konserni Toyota şirkəti ilə səylərini birləşdirərək, bu sahədə intensiv çalışmalara start vermişdir.