BMW i bölməsinin interyer dizayneri Mattias Yunqhans müasir avtomobillərdəki nəhəng displeylərin hökmranlığına tezliklə son qoyulacağını hesab edir. Onun fikrincə, Tesla şirkətinin Model S elektrokarındakı böyük ekranla başlatdığı tendensiya "keçmişdə qalacaq" və avtomobillərdə "qara şüşə səthlərin" yerini eyni məsələləri yerinə yetirə bilən texnologiyalar tutmağa başlayacaq. O, belə bir proqnozu Polestar və Pininfarina şirkətlərindən olan dizayner həmkarları ilə keçirdiyi vebinar zamanı səsləndirib.
BMW Live Cockpit Plus
Yunqhans süni intellektə əsaslanan sistemlərin getdikcə daha çox funksiyanı yerinə yetirəcəyini qeyd edib. Buraya səs komandaları vasitəsilə idarəetmə də daxildir. Hazırda ön paneldəki bütün məkanı tutmağa meylli olan ekranlar daha təvazökar ölçüləri ilə seçiləcək və yalnız lazım olduqda ortaya çıxacaqlar.
Digər dizaynerlər də Yunqhansla həmrəy olduqlarını bildiriblər. Belə ki, Polestar şirkətindən olan Konni Blomme böyük displeylərə meylin pik həddə çatdığını və tezliklə onlara olan marağın azalmağa başlayacağını hesab edir. O, avtomobillərdə olan insanların ekranlardan daha çox mənzərələrə baxaraq həzz aldıqlarını qeyd edib.
Tata Avinya
Bundan başqa, əlavə ekranlar sürücünün diqqətini yoldan yayındırır. Yaranmış bu problemin həlli üzərində, məsələn, Continental şirkəti çalışmağa başlayıb. Şirkət sükan arxasında oturan sürücüyə demək olar ki, görünməyən təsviri olan sərnişin ekranını hazırlayıb: ona şüalanan işığın bir faizindən də az hissəsi çatır.
İstənilən halda, nəhəng ekran tendesiyası bir çox müasir konseptlər və yeni seriya avtomobilləri üçün hələ də aktualdır. Bu qaydalardan mraqlı istisna, Hindistanın Tata şirkətinin bu yaxınlarda təqdim etdiyi Avinya konsept avtomobili olub - onun ön panelində ümumiyyətlə displeylər yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.