BMW şirkəti əfsanəvi M3 modelinin nəsil dəyişikliyinə hazırlaşır. Marka artıq hazırkı G80 sedanının vida versiyalarının istehsalına başlayıb. Eyni zamanda, bavariyalılar tarixdə ilk dəfə tam elektrik güc qurğusu ilə təchiz olunacaq M-modelinin debütünə marağı artırmağa davam edirlər.

 İllik “Le Manın 24 Saatı” yarışının startı çərçivəsində bavariyalılar Fransada M Concept Neue Klasse konsept-karını təqdim ediblər. Bu avtomobil gələcək batareyalı seriya idman sedanının dizaynı barədə təsəvvür yaradır. Şayiələrə görə, model BMW i3M adını ala bilər.

Əslində yenilik ötən ilin aprelində nümayiş etdirilmiş BMW VDX (Vision Driving Experience) prototipinin sonrakı inkişafıdır. M Concept ondan texniki hissəni, alçaq silueti və geniş yerləşdirilmiş təkərləri miras alıb.

Bununla yanaşı, avtomobilin dizaynı nəzərəçarpacaq dərəcədə yenidən işlənib. Konsept daha əzələli qanadlar, əlavə işıqlandırma bölmələri və böyüdülmüş hava girişləri olan iri bamperlərlə təchiz edilib. 

Hava girişlərinin forması idman trimaran yaxtalarını xatırladır. LED faralar GT sinifli yarış avtomobillərinə xas olan sarı çaları alıblar. Kapotun üzərində V-formalı relyef yaradılıb, xüsusi naxışlı qara disklər quraşdırılıb, arxa hissədə isə, dartılmış nazik fənərlər və “ördək quyruğu” tipli spoyler diqqəti çəkir.

Elektrosedan qırmızı Monza Red metalik rənginə boyanıb və uzun dayaqlar üzərində quraşdırılmış daha aerodinamik yan güzgülərlə təchiz olunub.

İnteryer də ilk prototiplə müqayisədə ciddi şəkildə yenilənib. Onun quruluşu asimmetrik multimedia ekranı və ön şüşənin aşağı hissəsində yerləşən Panoramic iDrive displeyi saxlanılmaqla seriya BMW i3 modelinin salonuna yaxınlaşdırılıb.

Bununla belə, idman sedanı qırmızı rəngli hərəkət rejimi düymələri olan ikiqollu sükanı, transmissiyanın selektoru olan yeni mərkəzi konsolu (BMW i3 modelində həmin yerdə simsiz enerji doldurma paneli yerləşir), həmçinin karbon korpuslu dörd idman oturacağını və beşnöqtəli təhlükəsizlik kəmərlərini əldə edib. 

Yarış tərtibatını salonun daxilində quraşdırılmış təhlükəsizlik karkasının elementləri tamamlayır. İnteryer tərtibatında Merino dərisi və qara nubukdan istifadə olunub, ön panel və qapı kartları isə, inteqrasiya olunmuş kontur işıqlandırması ilə bəzədilib.

Konseptin əsasını 800 voltluq Gen6 elektrik platformasında qurulmuş dörd mühərrikli BMW M eDrive güc qurğusu təşkil edir. Şirkət hələlik dəqiq texniki göstəriciləri açıqlamır, lakin şayiələrə görə sistemin gücü 700–1000 at qüvvəsi arasında olmalıdır. 

Bu qədər yüksək gücü idarə etmək üçün BMW mühəndisləri Dynamic Performance Control proqram kompleksini və Heart of Joy adlı superkompüteri hazırlayıblar. Bu sistemlər elektromühərriklərin, sükan idarəetməsinin, əyləc sisteminin və enerji rekuperasiyasının işini əlaqəndirir.

Gələcək elektrik M3 modeli dartma qüvvəsini təkərlər arasında demək olar ki, ani şəkildə bölüşdürə biləcək, ənənəvi əyləc mexanizmlərindən isə, yalnız intensiv yavaşlama zamanı istifadə ediləcək. Güc qurğusunu isə, şassi konstruksiyasına inteqrasiya edilmiş, tutumu 100 kilovat/saatdan artıq olan batareya qidalandıracaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M Concept Neue Klasse modelinin seriya versiyasının 2027-ci ildə debüt edəcəyi gözlənilir. Bununla yanaşı, elektrosedan hazırkı M3 modelinin yeganə varisi olmayacaq.

Bavariyalılar artıq idman avtomobilinin daha ənənəvi hibrid versiyası üzərində də işləyirlər. Həmin modifikasiya sıralı altısilindrli biturbo mühərriki qoruyub saxlayacaq.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.