BMW şirkəti M2 Competition kupesinin avtoidman həvəskarları üçün nəzərdə tutulmuş xüsusi versiyasını buraxacaqdır. Yeni avtomobilin ilk nümayişi 3 avqust tarixində Nürburqrinqdə təşkil ediləcəkdir. Bavariya markasının pilotları avtomobili yerli VLN Endurance çempionatının altı saatlıq yarışında sınaqdan çıxaracaqlar.
BMW M2 Competition kupesinin trek versiyasını avtoidmanda ilk addımlarını atan pilotlar üçün yarış avtomobili kimi səciyyələndirir. Şirkət avtomobilin yaradılması zamanı əsas diqqətin idarəetmədə sadəliyə və təhlükəsizliyə yönəldiyini bildirib.
Lakin, istehsalçı təkmilləşdirmələrin miqyasını gizli saxlayır. Bununla belə, yeni modelin sələfləri M235i Racing və M240i Racing versiyalarında olduğu kimi, müştəriləri xüsusi aerodinamik dəstə, yüngülləşdirilmiş kuzova, müdafiə karkasına, yenidən tənzimlənmiş şassiyə və gücü artırılmış mühərrikə malik olan kupe gözləyir.
Avtomobilin rəsmi təqdimat tarixi açıqlanmayıb. «Şimal ilgəyində» nümayiş etdiriləcək avtomobil detalları gizlədən kamuflyaj rəngində olacaqdır. Müştərilər yeni avtomobili gələn mövsümün əvvəlində əldə edə biləcəklər.
Gələcəkdə 2 Series ailəsinin pərəstişkarlarını daha bir təqdimat gözləyir. BMW M2 CS kupesi kuzovun karbonplastikdən hazırlanmış detalları, qızılı supportları olan karbon-saxsı əyləc mexanizmləri, orijinal diffuzor və spoyler ilə təchiz ediləcəkdir. M2 CS ümumi istifadə yollarına buraxılışı olan ən güclü 2 Series modeli olacaqdır.