BMW şirkətinin hidrogen proqramı yavaş da olsa, inkişaf edir. Daxili yanma mühərriklərinin hidrogenə keçirilməsi ilə bağlı təcrübələrə artıq son verilib, lakin bu istiqamətdən imtina olunmayıb - 2019-cu ildə alman istehsalçısı Frankfurt avtosalonunda BMW i Hydrogen Next krossoverini təqdim edib.

 Bu şou-karın əsas vəzifəsi laboratoriya rolunu oynamaq idi. Bununla belə, onun ümumi yollarda hərəkət imkanı yox idi. İndi isə, şirkət yol testləri üçün uyğun olan tam işlək prototipi hazırlayıb.

BMW i Hydrogen Next prototipi standart BMW X5 krossoverinə əsaslanır, onun hidrogen güc qurğusu isə zəmanəmizin digər hidrogen avtomobilləri ilə eyni sxem üzrə yaradılıb. Mərkəzi tuneldə və arxa divanın altında 700 bar təzyiqi ilə saxlanılan altı kiloqram hidrogen doldurulmuş iki kompozit balon var.

Yanacaq hüceyrələri BMW şirkətinin 2013-cü ildən bəri hidrogen sahəsində əməkdaşlıq etdiyi Toyota şirkəti tərəfindən təmin edilir. Havadan alınan hidrogen və oksigenin kimyəvi reaksiyası nəticəsində elektrik enerjisi hasil olunur. Elektrokimyəvi generatorun gücü 170 at qüvvəsidir.

Elektrik avadanlıqlarının qalan hissəsi alman istehsalçısının öz məhsuludur və BMW iX/i4 elektrokarları ilə unifikasiya ediliblər. Yeganə dartma mühərriki arxa oxa quraşdırılır və 374 at qüvvəsi pik gücünə malikdir.

Ancaq bu güc yalnız qısa müddətə əlçatandır və bufer dartma batareyasındakı cərəyan səviyyəsindən asılıdır. Batareyanın cərəyanı azaldıqdan sonra elektrik mühərrikinin hasilatı elektrokimyəvi generatorun gücünü, yəni 170 at qüvvəsini keçməyəcəkdir. Dartma batareyasının tutumu hələlik açıqlanmayıb.

Başlanan sınaqların məqsədinin güc qurğusunun müxtəlif şəraitlərdəki iş qabiliyyətini yoxlamaqla yanaşı, hidrogen krossoverinə əsl BMW xarakterini aşılamağın olduğu bildirilir.

Hələlik görüləsi işlər çoxdur, lakin şirkət 2022-ci ilin sonunda belə avtomobillərin kiçik həcmli seriya istehsalına başlayacağına söz verib. (c) Autograph.az