BMW-nin yeni nəsil i3 elektrik sedanı Avropanı şimaldan cənuba qət edərək şarj müddətinə görə rekord göstəriciyə imza atıb. Avtomobil 5886,7 kilometrlik marşrut boyunca enerji doldurmaq üçün cəmi 2 saat 46 dəqiqə vaxt sərf edib.
Paneuropeana adlanan marşrut Norveçin Nordkap burnundan İspaniyanın Tarifa şəhərinə qədər uzanıb. BMW i3 səkkiz ölkənin adi yollarından keçərək məsafəni 74 saat 41 dəqiqəyə qət edib. Orta hərəkət sürəti 79,7 km/saat təşkil edib.
Yürüş magistral yolları, şəhərlərarası marşrutları və yaşayış məntəqələrinin küçələrini əhatə edib. Sürücü sürət həddini aşmayıb və şarj məntəqələrini özü seçib. BMW-nin məlumatına görə, avtomobilin orta enerji sərfiyyatı hər 100 kilometrə 12,5 kVt·saat olub. Bu göstərici WLTP standartı üzrə elan edilmiş 13,4–18,0 kVt·saatlıq sərfiyyatdan da aşağıdır.
BMW i3 marşrut boyunca orta hesabla 275 kVt güclə enerji dolduran ictimai şarj stansiyalarından istifadə edib. Ümumi şarj müddəti cəmi 2 saat 46 dəqiqə olub. Beləliklə, 2017-ci ildə qeydə alınmış əvvəlki nəticə yeddi saatdan çox yaxşılaşdırılıb. Bu nailiyyətdə şarj infrastrukturunun inkişafı və stansiyaların gücünün artması da mühüm rol oynayıb.
Rekord yürüşdə iki elektrik mühərrikli, tamötürməli BMW i3 50 xDrive modeli iştirak edib. Elektrik mühərrikləri ümumilikdə 469 at gücü hasil edir. 800 voltluq elektrik arxitekturasına malik sedan 0-dan 100 km/saata 4,7 saniyəyə sürətlənir və onun maksimal sürəti 200 km/saat təşkil edir.
108,7 kVt·saat tutumlu, silindrik hüceyrələrdən ibarət batareya 912 kilometrədək yürüş ehtiyatı təmin edir. Maksimal şarj gücü isə 400 kVt təşkil edir. İstehsalçının bildirdiyinə görə, cəmi 10 dəqiqəlik şarjla yürüş ehtiyatını 423 kilometr artırmaq mümkündür.
Modelin yüksək səmərəliliyinə bir sıra texniki həllər kömək edir. Avtomobilin aerodinamik müqavimət əmsalı 0,21-dir, şinlərin yuvarlanma müqaviməti 14 faiz azaldılıb.
Elektrik mühərriklərində enerji itkiləri əvvəlki nəsil BMW elektrik avtomobilləri ilə müqayisədə 40 faiz aşağı salınıb. Bundan başqa, əyləcləmə zamanı yaranan enerjinin 95 faizdən çoxu rekuperasiya sistemi vasitəsilə geri qaytarılır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









