BMW yeni 3 Series ailəsinin daha bir üzvünü təqdim edib. Şirkət 2027-ci ildə satışa çıxarılacaq i3 M60 xDrive modelinin ilk görüntülərini yayımlayıb. Yeni elektrik sedanı M Performance ailəsinə daxil olacaq, lakin BMW onun elektrik mühərriklərinin gücünü hələlik açıqlamır.
i3 M60 xDrive yeni i3 ailəsinin ən güclü versiyası olacaq. Model iki elektrik mühərriki və tam ötürmə sistemi ilə təchiz ediləcək. BMW avtomobili “ultra güclü” kimi xarakterizə etsə də, dəqiq texniki göstəriciləri bazara çıxışa yaxın açıqlayacağını bildirib.
Hazırda i3 ailəsinin ən güclü versiyası olan i3 50 xDrive iki elektrik mühərrikindən 469 at gücü və 645 Nm fırlanma anı əldə edir. Buna görə də M60 versiyasının bu göstəriciləri əhəmiyyətli dərəcədə üstələyəcəyi gözlənilir. Hazırkı i3 50 xDrive 0-dan 100 km/saata 4,7 saniyəyə sürətlənir və M60-ın bu göstəricidən daha sürətli olması gözlənilir.
Yeni modelin xarici görünüşündə M Performance elementləri xüsusi yer tutur. BMW təqdimat görüntülərində avtomobili opsional M Performance hissələri ilə nümayiş etdirib. Karbondan hazırlanmış əlavə kuzov elementləri, daha aqressiv bamperlər və digər M detalları elektrosedanın idman xarakterini vurğulayır.
i3 M60 xDrive-ın elektrik sistemindəki batareya və yürüş ehtiyatı barədə dəqiq məlumat hələlik açıqlanmayıb. Adi i3 50 xDrive Avropada WLTP standartına əsasən bir doldurmayla 912 kilometrədək məsafə qət edə bilir. M60 versiyasının daha yüksək performansa yönəlməsi səbəbindən bu göstəricinin daha aşağı olması gözlənilir.
Modelin qiyməti də hələlik məlum deyil. Almaniyada 2027-ci model ilin i3 50 xDrive versiyasının qiyməti 65 900 avrodan başlayır. M60 versiyasının isə daha yüksək qiymətə sahib olacağı gözlənilir. M Performance üçün hazırlanmış əlavə karbon elementləri də yekun qiyməti artırmalıdırlar.
BMW şirkəti i3 M60 xDrive-ı 2027-ci ildə bazara çıxarmağı planlaşdırır. Eyni dövrdə şirkətin M3 modelinin tam elektrik versiyasını təqdim edecəyi də gözlənilir. Bu modelin dörd elektrik mühərriki ilə təchiz ediləcəyi bildirilir, lakin BMW hələlik onun texniki göstəricilərini açıqlamayıb.
Yeni i3 ailəsinin ilk modelləri və yeni nəsil 3 Series 2027-ci ilin ilk rübündə satışa çıxarılacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









