BMW şirkəti elektrik i3 modelini yeni nəsil batareya ilə təchiz edərək yaxşılaşdırıb. 42,2 kilovat-saatlıq tutuma malik olan batareyalar elektromobilin yürüş ehtiyatını 30% artırıb. Artıq elektrokar 260 kilometr yürüş edə bilir.
Yeni növ batareyaların istehsalı BMW Şirkətinin Dinqolfinqdəki müəssisəsində aparılır. Batareya səkkiz moduldan ibarətdir və onların hər birində12 akkumulyator özəyi vardır. Tutumun artmasına baxmayaraq akkumulyatorlar blokunun ölçüləri dəyişilməyib. İlk nəsil elektrokarla müqayisədə batareyaların tutumu 19,6 kilovat-saat artıb.
BMW i3 modeli 170 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. Sitikar 100 km/saat həddini 7,3 saniyəyə toplayır. Elektromobilin 184 at qüvvəli i3s modifikasiyası ilk “yüzlüyə” 6,9 saniyəyə sürətlənir. WLTP dövrünə əsasən baza modelinin maksimal yürüş ehtiyatı 285-310 kilometr, “idman” modifikasiyasının isə 270-285 kilometr təşkil edir.
Məişət şəbəkəsindən istifadə edərək elektrokarın batareyasının 80 faizini 15 saata doldurmaq olar. Xüsusi qurğudan istifadə etdikdə yükləmə müddəti 3,2 saata enir. 50 kilovatlıq terminaldan istifadə zamanı isə yükləməyə 42 dəqiqə tələb olunur.
BMW i3 modeli yeni batareyalar bloku ilə yanaşı tərkibinə hündürlüyü 10 millimetr azaldılmış asqı sistemi, xüsusi yaylar və amortizatorlar, 20-düymlük təkər diskləri və təkər tağlarının genişləndiriciləri daxil olan idman dəstinə də sahib olub. Eyni zamanda, istehsalçı kuzovun yeni boyanma variantlarını, adaptiv matrisa tipli fənərləri və dəyişdirilmiş qrafikası olan iDrive multimedia sistemini təklif edir.
BMW i3 modeli Azərbaycanda satılmır.