BMW markası Tesla Model 3 elektrokarı ilə mübarizə aparacaq i4 adlı sedanı hazırlayır. Alman şirkətindəki mənbələrindən məlumat alan Roadhow nəşri, Model 3 elektrokarının rəqibinin tutumu 80 kVs olan litium-ion batareyası və 530 at qüvvəsi hasil edən elektromotor ilə təchiz ediləcəyini bildirib.
Bu güc xarakteristikaları BMW i4 elektrokarına 100 km/saat həddinə dörd saniyəyə sürətlənməyə imkan verəcəkdir. Elektrokar elektronika tərəfindən 193 km/saat həddində məhdudlaşdırılmış maksimal sürətə malik olacaqdır. Eyni zamanda, BMW i4 modelinin yığcam özəklərə malik olan beşinci nəsil batareya ilə təchiz ediləcəyi bildirilib.
150 kilovatlıq elektrik yükləmə terminalından BMW i4 modelinin batareyasının 80 faizini 35 dəqiqəyə doldurmaq mümkün olacaqdır. Sedanın inşa ediləcəyi modul platforması onu bir neçə növ güc aqreqatı ilə təchiz etmək imkanı da verəcəkdir. WLTP rejimində sedanın 600 km yaxın məsafə qət edəcəyi söylənilir. Elektrik sedanının debütü 2021-ci ildə baş tutmalıdır.