2014-cü ildə debüt edən BMW i8 hibrid superkarının istehsalına son verilib. Sportkar, 2009-cu ildə nümayiş etdirilən BMW Vision E EfficientDynamics fantastik konseptinin seriya təcəssümü idi. Möhtəşəm dizaynına baxmayaraq, Avropa və ABŞ-da illik satışlar bir neçə min nüsxədən çox deyildi. Hətta, planlaşdırılan restaylinq və rodsterin peyda olması da satışların artmasına kömək etmədi.
Uğursuzluğun əsas səbəbi kimi sportkarın güc qurğusu göstərilir. BMW i8 modeli ön oxda quraşdırılmış elektrik mühərriki və arxa tərəfindəki 1,5-litrlik üçsilindrli benzin turbomühərrikdən ibarət hibrid qurğu ilə hərəkətə gəlirdi. Hibrid qurğunun ümumi hasilatı 362–374 at qüvvəsi təşkil edirdi. Lakin, bu tandem. alıcıların çoxlu tənqidləri ilə üzləşmiş oldu.
Keçən il BMW şirkəti, 2020-ci ilin aprelində i8 modellərinin istehsalına son verəcəyini bildirsə də, pandemiya səbəbi ilə bu tarix bir ay yarım təxirə salınmalı oldu. Sportkarın istehsalına vida seriyasından olan 18 avtomobil ilə son verilib. Leypsiqdəki zavodundakı konveyer xəttindən çıxan sonuncu i8 rodsteri unikal Portimao Blue rənginə boyanıb.
Bu günə qədər dünya üzrə iyirmi mindən çox kupe və rodster satılıb. Bununla birlikdə, BMW mühəndisləri artıq fərqli güc qurğusuna sahib olacaq yeni hibrid idman avtomobilinin üzərində işləyirlər. Yeni sportkarın debütü 2023-cü ilə planlaşdırılıb.