Bu gün BMW şirkəti Cenevrə avtomobil salonunda nümayiş etdirəcəyi daha iki avtomobil haqqında məlumat yaymışdır. Bu avtomobillərdən birincisi i8 modelinin xüsusi modifikasiyası olan Protonic Red Edition adlandırılmış versiyadır. Hibrid sportkarının eksteryer və interyerinin tərtibatında çoxlu sayda nadir yeniliklər həllini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, BMW i8 Protonic Red Edition modeli məhdud sayda istehsal ediləcəkdir. Xüsusi versiyanın adi BMW i8 modellərindən fərqi eksklyuziv Protonic Red rənginə boyanmış kuzov və Frozen Grey işləmələridir.
Bundan başqa, sportkar W şəkilli dizayna malik olan Aluminum matte və Orbit Grey metallic rənglərinə boyadılmış 20-düymlük xüsusi təkər diskləri ilə də seçilir.
BMW i8 Protonic Red Edition sportkarının interyerinin hazırlanmasında da bu nadir üslubdan istifadə edilmişdir. Avtomobilin salonunun tərtibatında seçilən qırmızı tikişləri, karbon liflərindən hazırlanmış işləmələri, oturacaq başlıqlarındakı «i8»basqılarını, Protonic Red Edition yazılan kandar lövhələrini, karbondan hazırlanmış qapı dəstəklərini, dəri haşiyəsi olan ayaqaltıları, sürətlər qutusunun xüsusi başlığını və boz rəngli təhlükəsizlik kəmərlərini müşahidə etmək olar.
Avtomobil texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. O əvvəlki kimi, tərkibinə 1,5-litrlik benzin TwinPower Turbo mühərriki, elektromotor və daxil olan litium-ion batareyaları daxil olan, ümumi gücü 357 at qüvvəsi olan hibrid aqreqatı ilə təchiz edilir.
Avtomobil 100 km/saat sürətini 4,2 saniyəyə toplayır və 250 km/saatlıq maksimal sürət həddinə malikdir.