BMW şirkəti və onun eksklyuziv sifarişlərlə məşğul olan BMW Individual bölməsi rəsmi olaraq unikal BMW 740Li modelini təqdim etmişdir. Art Car Collection seriyasından olan avtomobilin daxili tərtibatında məşhur Cənubi Afrikalı rəssam Ester Malanqu iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, 25 il bundan öncə Ester Malanqu BMW 525i sedanını kətan kimi istifadə edərək öz incəsənət əsərini yaratmışdı. Malanqu dünyada bu sayaq iş görən ilk qadın rəssam olmuşdur. Avtomobilin kuzovu Ndebele incəsənətinin ənənlərinə uyğun olaraq bəzədilmişdir. Bu dəfə isə Ester Malanqu BMW Individual bölməsi ilə birlikdə səylərini birləşdirərək daha bir sənət əsərini yaratmağa müvəffəq olmuşdur. Bavariyalıların bayraqdar modelinin unikal interyerini yaratmaq üçün xüsusi ağ rəngli agac işləmələr yaradılmış və onlar Malanqu tərəfindən naxışlarla bəzədildikdən sonra xüsusi lakla örtülərək avtomobilin salonunda quraşdırılmışdır. Xüsusi hazırlanmış avtomobilin kütləvi təqdimatı 5 – 9 oktyabr tarixlərində Londonda keçiriləcək Frieze Art Fair tədbirində baş tutacaqdır. Unikal BMW 740Li sedanı hərracda satılaraq əldə edilən gəlir xeyriyyə məqsədlərinə yönəldəcəkdir.
Unikal interyeri olan avtomobil geniş avadanlıq siyahısı ilə seçilən BMW Individual Collection təchizat səviyyəsinə malikdir ki, bunlara da misal olaraq 20-düymlük təkər disklərini və unikal Pure Metal Silver rəngini, yüksək kefiyyətli ağ-qara rəngli Merino dərisini və tavanın alkantara ilə örtülməsini göstərmək olar. 740Li bayraqdar sedanı 3,0-litrlik iki turbokompressorlu mühərriklə təchiz edilir. 326 at qüvvəli (540 Nm) güc aqreqatı 8-pilləli Steptronic avtomatik sürətlər qutusu ilə birlikdə sedanı 100 km/saat həddinə 5,6 saniyəyə sürətləndirir. Sedanın maksimal sürəti 250 km/saat təşkil edir.