BMW şikrəti Concorso d’Eleganza Villa d’Este zəriflik müsabiqəsində yenidən yaradılmış klassik Garmisch konseptini nümayiş etdirib. Orijinal konseptin yaradılması ideyasını BMW ilə əməkdaşlığı möhkəmləndirməyə çan atan Nuçço Bertone irəli sürüb. Almaniyanın cənubunda yerləşən dağ-xizək kurortu Qarmişin şərəfinə adlandırılmış orijinal avtomobil Cenevrə avtosalonundakı debütündən sonra yoxa çıxıb.
İlk BMW Garmisch kimi yenidən yaradılmış avtomobil də BMW 2002 Tli modelinin bazasında inşa edilib. Avtomobilin cəsarətli və eyni zamanda sadə dizaynı, keçən əsrin 60-70-ci illərində italyan Bertone, Italdesign və Pininfarina atelyeləri tərəfindən yaradılan radikal dizayn üslubunu nümayiş etdirir.
Bundan başqa əfsanəvi dizayner Marçello Qandininin yaratdığı üslub alman markasının firma dizaynının təkamülünə və ilk BMW 5 Series modelinin yaradıcısı olan Pol Brakın dəsti xəttinə ciddi təsir edib. Avtomobilin yaradılması üzərində BMW Group Design və BMW Classic bölmələrinin mütəxəssisləri çalışıblar. Onlar BMW Garmisch modelinin zahiri görkəmini ağ-qara arxiv şəkilləri sayəsində yenidən yaradıblar. Detalları tamamlamaqda isə, Marçello Qandini özü yardım edib. O, avtomobilin kuzovunun hansı rəngə boyandığını və salon tərtinatında istifadə edilən materialları xatırlayıb.
Hazırki konsept Turindən olan ustalar tərəfindən yığılıb - bu ustalar vaxtı ilə orijinal Garmisch modelinin dəüzərində işləyiblər.
Kupe qeyri-adi detalları ilə seçilir. Bunlara misal olaraq, firma «burun»larının maraqlı formasını, şüşə ilə örtülmüş kvadrat formalı fənərləri, arxa dayaqlardakı jalüziləri və arxa şüşədəki özəklərdən ibarət elementi görstərmək mümkündür. Avtomobilin salonunda da maraqlı elementlər var - havalandırma sisteminin və radionun şaquli idarəetmə bloku, əlcək qutusunda yerləşdirmiş iri güzgünü misal çəkmək olar.
Qandinin sözlərinə görə avtomobilin adı da təsadüfi seçilməyib: o zaman İtaliyada dağ xizəkləri çox populyar idi və Qarmiş adı «alp zərifliyini» təmsil edirmiş.