BMW şirkəti iX krossoverinin “qaynar” versiyasını təqdimatına hazırlaşır. İnsayderlərin bldirdiyinə görə, iX modelinin top versiyası 560 at qüvvəsinə malik olacaq və iX M60 adlanacaqdır. Beləliklə, gələcək elektromobil BMW model xəttində ən güclü avtomobil olacaqdır, çünki “batareyalı” sedan i4 M Performance modelinin gücü 530 at qüvvəsini keçməyəcəkdir.
BMW iX modeli hazırda Avropada iki tamötürməli versiyada - 326 at qüvvəli xDrive40 və 503 at qüvvəli xDrive50 modifikasiyalarında sifariş etmək olar. Ən yeyin elektrik krossover 100 km/saat həddinə beş saniyəyə sürətlənir və dolu batareya ilə 600 kilometrə qədər məsafə qət edir.
BMW Blog nəşri M Performance şöbəsi yaxın bir-iki il ərzində iX modelinin “bərkgedən” versiyasını hazırlayacağını, idman modifikasiyasının 560 at qüvvəli güc qurğusu, yenidən tənzimlənmiş asqı və M-modelləri üçün ənənəvi olan eksteryer atributlar ilə fərqlənəcəyini iddia edir. BMW iX krossoveri i4 sedandan sonra M literini daşıyan ikinci elektromobili olacaqdır.
Elektrik krossoverinin adi versiyaları 2021-ci ilin sonuna qədər Avropadakı BMW dilerlərinin şou-rumlarında nümayiş etdiriləcəkdirlər.