M seriyasından olan ilk elektrik krossoverinin dizayn və əsas xarakteristikalarını bu ayın ilk günlərində açıqlamışdılar. İndi isə elektrokar rəsmi olaraq təqdim edilib: yeni elektrik krossoveri iX M60 indeksinə sahib olub, 619 at qüvvəli ikimühərrikli güc qurğusunu əldə edib və 566 kilometrlik (WLTP) yürüş ehtiyatına malikdir.
Alman istehsalçısı elektrik krossoverini belə təsvir edir: bu model i xəttindən olan avtomobillərin elektrik texnologiyalarını, BMW X funksionallığını və M-seriyasının “güzəştsiz dinamikasını” özündə cəmləyib. Krossoverin dinamikası həqiqətən də heyranedicidir: iki elektrik mühərriki ümumilikdə 619 at qüvvəsi və 1015 Nm fırlanma anı hasil edir və elektrokarı 100 km/saat həddinə 3,8 saniyəyə sürətləndirirlər. Makismal sürət - 250 km/saatdır. Bu, iX xDrive50 modelində olduğundan 50 km/saat çoxdur.
Adi halda elektromotorlar dartma qüvvəsini arxa oxa ötürürlər, lakin sürətlənmə və təkərlərin sürüşməsi halında dartma qüvvəsi ön oxa da ötürülür. 105 kilovat-saatlıq batareya elektrokara 566 kilometr məsafə qət etməyə imkan verir. Krossoverin batareyasını 11 kilovata qədər gücü olan dəyişkən cərəyanlı qurğudan və yaxud 200 kilovata qədər gücü olan daimi cərəyanlı terminaldan doldurmaq olar. Batareyanın 10 faizindən 85 faizinə qədər doldurulmasına 35 dəqiqə tələb olunur.
Krossover alüminiumdan hazırlanmış məkanvari ramada inşa edilib. Çəkinin azaldılması üçün isə karbondan istifadə olunub. Avtomobil aşağı ağırlıq mərkəzinə və çəkinin oxlar arasından optimal bölünməsinə malikdir – buna batareyanın kuzovun altlığında quraşdırılması sayəsində nail olunub. BMW iX M60 modelinin aerodinamik müqavimət əmsalı 0,26-ya bərabərdir. Bu göstəriciyə görə onu Audi Q4 Sportback e-tron kross-kupesi ilə müqayisə etmək olar.
BMW iX M60 krossoveri standart təchizatına 21-düymlük (22-düymlük – opsiyadır) təkər diskləri, inteqral sükan idarəetməsi, təkərlərin yerində fırlanmasını məhdudlaşdırma funksiyasına malik olan və faydalı yükləmədən asılı olaraq klirensi avtomatik tənzimləyən pnevmatik asqı daxildir. Bununla yanaşı, kuzovun hündrlüyünü mərkəzi konsoldakı düymə vasitəsi ilə də tənzimləmək mümkündür. Amortizasiya dərəcəsi, uzununa və eninə sürətlənməni, hərəkət sürəti və sükanın dönmə dərəcəsini nəzərə almaqla, bir neçə millisaniyə ərzində avtomatik olaraq dəyişə bilər.
BMW iX M60 elektrik krossoveri Almaniyanın Dinqolfingen şəhərindəki zavodda istehsal ediləcəkdir. Hazırda burada iX modelləri buraxılır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.