BMW iX3 elektrik krossoverinin bir il bundan öncə təqdim edilməsinə baxmayaraq, alman istehsalçısı onu yeniləmək qərarına gəlib. Yanacaqla çalışan X3 modelindən sonra, "yaşıl" krossover də yüngül eksteryer və interyer dəyişikliklərinə məruz qalıb. Ən əsası interyerdəki yeniliklər eksteryerdəkilərdən daha çoxdur.
Krossoverin texniki hissəsi dəyişilməz olaraq qalıb. Yenilənmiş iX3 modelinin kütləvi debütü sentyabr ayında Münhendə keçiriləcək IAA Mobility avtomobil sərgisində baş tutacaqdır. “Yaşıl” krossoverin Avropadakı satışlarına sərgidən dərhal sonra start veriləcəkdir.
Yenilənmiş iX3 modelini nazilmiş ön fənərləri, fərqli hava girişləri olan daha "aqressiv" ön bamperi və bir qədər böyüdülmüş radiator barmaqlığı sayəsində tanımaq olar. Arxa tərəfdə diffuzor quraşdırılmış yeni bamper və tərtibatı dəyişdirilmiş fənərlər peyda olub. Elektromobili yanacaqla işləyən versiyadan fərqləndirən açıq mavi rəngli vurğular yerlərini dəyişiblər.
Salonda yeni sükan çarxı və iDrive məlumat -əyləncə sisteminin daha iri ekranı quraşdırılıb. Bundan başqa, dizaynerlər ön panelin, mərkəzi konsol və tunelin arxitekturası üzərində işləyiblər, havalandırma sisteminin deflektorlarını və transmissiyanın dəstəyi da daxil olmaqla fiziki idarəetmə elementlərini yenidən tərtib ediblər.
Yenilənmə güc qurğusuna təsir etməyib: iX3 modeli arxa oxda quraşdırılmış 286 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 80 kilovat-saat tutumu olan litium-ion batareya ilə təchiz edilir. Sabit cərəyanlı 150-kilovatlıq terminaldan batareyanın 80 faizinin doldurulmasına 32 dəqiqə vaxt gərəkdir. Dolu batareya ilə iX3 modeli WLTP dövrünə əsasən 460 kilometrə qədər məsafə qət edə bilər.
Yenilənmiş iX3 krossoverinin qiyməti artıq elan edilib – Almaniyadakı satış qiymətləri 67.300 avrodan başlayır. Beləliklə,yenilnmiş BMW iX3 modeli əvvəlkindən min avro bahadır, lakin bu qiymətə standart təchizata çevrilmiş M-Sport paketi də daxildir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.