Ötən ilin payızında BMW iX3 krossoveri Neue Klasse elektrik ailəsinin ilk üzvü kimi debüt edib, bu yaxınlarda isə, ona i3 elektrik sedanı qoşulub. Krossoverin çeşidi tədricən müxtəlif modifikasiyalara genişlənir. Məsələn, bu yaxında Çində iX3 krossoverinin yerli uzunbazalı versiyası təqdim olunub, indi isə, qlobal elektromobillər arxa ötürməsi və daha kiçik dartma batareyası olan sadələşdirilmiş modifikasiyanı əldə ediblər.
Xatırladaq ki, əvvəlcə BMW iX3 modelinin yalnız iki mühərriki olan tamötürməli 50 xDrive versiyası satışa çıxarılıb. Ön mühərrik 167 at qüvvəsi və 255 Nm, arxa mühərrik isə, 326 at qüvvəsi və 435 Nm hasil edir. Sistemin ümumi hasilatı 469 at qüvvəsi və 645 Nm təşkil edir. Tamötürməli krossover 0-dan 100 km/saata sürətlənməyə 4,9 saniyə sərf edir. Maksimal sürət 210 km/saatdır. 108,7 kilovat/saatlıq 800 voltluq dartma batareyası WLTP dövrünə uyğun olaraq, şarj etmədən 805 kilometrə qədər gedişi təmin edir. DC şarjın maksimal gücü 400 kilovatdır. Bu rejimdə 10 dəqiqə ərzində 372 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkündür, batareyanın 10%-dən 80%-ə qədər doldurulması isə, 21 dəqiqə çəkir.
Yeni, sadələşdirilmiş BMW iX3 40 versiyasının 320 at qüvvəsi və 500 Nm hasil edən yeganə elektrik mühərriki arxa oxda quraşdırılıb. 0-dan 100 km/saata qədər sürətlənmənin müddəti 5,9 saniyəyə qədər artıb, maksimal sürət isə, 200 km/saata qədər azalıb. Dartma batareyasının tutumu 82,6 kilovat/saata qədər azalıb, buna görə də, dolu batareya ilə qət edilən məsafə 636 kilometrə düşüb. Üstəlik, şarjın maksimal gücü də 300 kilovata qədər azaldılıb. On dəqiqə ərzində 300 kilometrlik məsafə üçün kifayət qədər enerji toplamaq mümkündür, lakin batareyanın 10%-dən 80%-ə qədər doldurulması əvvəlki kimi 21 dəqiqə çəkir.
BMW nümayəndələri, güc aqreqatı istisna olmaqla, yeni baza versiyasının tamötürməli krossover ilə eyni olduğunu vurğulayıblar. Elektromobilin uzunluğu 4782, təkər bazası isə, 2897 millimetrdir. Eksteryer tərtibatı lakonik üslubdadır və dizayn elementlərinin bolluğundan məhrumdur. Nəhəng “böyrəklər” keçmişdə qalıb, indi onlar klassik BMW avtomobillərindəki kimi yığcam və şaquli istiqamətdə uzadılıblar.
İnteryerdə xaç şəklində düzülmüş dörd qolu olan sükan çarxı var. Alın şüşənin altındakı Panoram Vision ekranı ön panelin bütün eni boyunca uzanır, informasiya-əyləncə sisteminin ənənəvi sensorlu ekranı isə, çəp küncləri olan qeyri-adi formaya malikdir. Baqaj bölməsini həcmi 520 litrdir, lakin arxa cərgə qatlandıqda, bu göstərici 1750 litrə qədər artır.
Artıq Avropada arxa ötürməli BMW iX3 40 versiyasına sifarişlərin qəbuluna başlanılıb. Almaniyada arxa ötürməli versiyanın qiyməti 63.400 avrodan, tam ötürməli versiyanın isə, 70.900 avrodan başlayır. Seriya avtomobilləri bu ilin yayında dilerlərə çatdırılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









