Alman Alpina brendi BMW avtomobillərinin həvəskarlarına yaxşı tanışdır. Pilot və eyni zamanda mühəndis olan Burkard Bovenzipen öz biznesinə 1962-ci ildə BMW 1500 modelinin mühərriklərinin gücünü artırmaqla başlayıb. 1965-ci ildə Bovenzipen BMW avtomobillərinin dərindən təkmilləşdirilməsi ilə məşğul olan Alpina Burkard Bovensiepen GmbH + Co KG şirkətini yaradıb. 1983-cü ildə Alpina hətta rəsmi avtomobil istehsalçısı statusunu alıb və bu ailə biznesi bu gün də yaşayır.
Burkard Bovenzipen özü çoxdan təqaüdə çıxsa da, şirkətə onun oğulları rəhbərlik edirlər: Andreas texniki hissəyə, Florian isə maliyyəyə cavabdehdir. Şirkətin işləri yaxşı gedir və keçən il yeni rekord qeydə alınıb – alman firması iki mindən çox BMW Alpina avtomobili buraxılıb. Bununla belə, ekoloji standartların və sertifikatlaşdırma tələblərinin sərtləşdirilməsi Alpina kimi kiçik müstəqil şirkətlərin yaşama şanslarını azaldır. Buna görə də, Bovenzipenlər biznesi yenidən təşkil etmək qərarına gəliblər.
Alpina brendinin bütün hüquqları BMW konserninə satılıb, lakin sövdələşmənin məbləği açıqlanmayıb. Bununla belə, BMW Alpina brendindən yalnız 2026-cı ildə sərbəst şəkildə istifadə edə biləcəkdır: BMW və Alpina Burkard Bovensiepen GmbH + Co KG arasında mövcud olan əməkdaşlıq müqaviləsi 31 dekabr 2025-ci il tarixinədək qüvvədə qalır, ona görə də, növbəti üç il ərzində BMW Alpina avtomobillərinin yaradılması və istehsalı Buxloe şəhərindəki ailə fabrikində həyata keçiriləcəkdir.
Hətta yeni modellərin də buraxılacağı vəd olunub. Lakin 2026-cı ildən etibarən Alpina brendi BMW şirkətinin yeni lüks avtomobillərinə qismət olacaqdır. İrəlidə kifayət qədər vaxtın olmasına baxmayaraq, belə modellərin yaradılmasına indidən başlamaq nəzərdə tutulur. Xatırladaq ki, hüquqları 1 yanvar 2003-cü il tarixindən BMW konserninə verilən Rolls-Royce brendi də bənzər taleyi yaşamışdı – bu tarixdən iki gün sonra yeni Rolls-Royce Phantom modeli təqdim edilmişdi.
Qeyd etmək gərəkdir ki, Bovenzipenlər şirkəti deyil, yalnız Alpina markasını satıblar! Şirkət yeni Bovensiepen adı ilə fəaliyyətini davam etdirəcək və onun əsas fəaliyyət istiqaməti köhnə BMW avtomobillərinə texniki qulluq və onların bərpa işləri olacaqdır. Bundan əlavə, BMW şirkətinin xidmətlərindən istifadə etdiyi mühəndislik şöbəsi də qalacaqdır. Məsələn, keçən əsrin səksəninci illərinin ortalarında Alpina mühərrikçiləri Cənubi Afrika üçün BMW 333i modifikasiyasını işləyib hazırlamışdılar.
Bundan başqa, 2002-ci ildə Buxloe mütəxəssisləri seriya BMW X5 krossoverində quraşdırılan 4,6-litrlik V8 mühərrikini layihələndirmişdilər, sonra isə, Alpina mütəxəssisləri üfürməni Valvetronic klapanlarının gedişinin dəyişdirilməsi sistemi ilə birləşdirmişdilər. BMW ilə bu sahədəki əməkdaşlıq davam etdiriləcəkdir, lakin paralel olaraq şirkət yeni müştərilər axtarışındadır. Qeyd etmək gərəkdir ki, Bovenzipenlərin şərab istehsalı ilə məşğul olan Alpina Wein GmbH + Co KG şirkəti də var. Ən maraqlısı isə, bu şirkətin adı dəyişdirilməyəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.