BMW şirkəti istehsal etdiyi avtomobillər üçün rəqəmsal yenilənmə sistemini hazırlayıb. İndi, əlavə ödəniş etməklə, iDrive 7 əməliyyat sistemininin köməkliyi ilə modellərin baza versiyalarına daha yüksək təchizat səviyyəsinə malik olan avtomobillərin funksiyalarını yükləmək olar.
Yenilənmə texnologiyası ilə təchiz edilmiş avtomobillər iyulun 1-dən Avropada satışa çıxarılıblar. İndi, baza təchizatlı avtomobilin sahibi daha bahalı modifikasiyaların bir sıra funksiyalarını "hava" üzərindən öz avtomobilində aktivləşdirə biləcəkdir.
Məsələn, müştəri oturacaqların qızdırılması funksiyası olmayan yeni bir avtomobili alıbsa, o bu funksiyanı abunə yazılmaqla müəyyən müddətə və ya BMW tətbiqi vasitəsi ilə həmişəlik alaraq aktivləşdirə bilər. Ayrıca, bəzi funksiyalar üçün bir aylıq sınaq müddəti də təqdim edilir. Qızdırılan oturacaqlardan başqa, adaptiv kruiz-kontrolu, uzaq işıq köməkçisini və adaptiv asqını əlavə ödəniş ilə aktivləşdirmək mümkün olacaqdır.
Bundan əlavə, rəqəmsal yenilənmələr siyahısında BMW Personal Assistant yardımçısının ən yeni nəsli, sürücünü maraqlandıran yaxınlıqdakı obyektlər və markanın plug-in hibridləri üçün nəzərdə tutulmuş doldurma stansiyalarının yeri barədə məlumat verən yeni naviqasiya sistemi də olacaqdır. Yenilənmə siyahısına smartfonların simsiz qoşulma funksiyası və rəqəmsal açardan istifadə etmək imkanı da daxil edilib.
Sonuncu funksiyanı keçən həftə keçirilmiş ümumdünya WWDC konfransında təqdim ediblər. Apple şirkəti BMW avtomobilləri üçün virtual açar yaratmağa imkan verən yeni proqram təminatını hazırlayıb. Bu tətbiq sayəsində smartfondan istifadə edərək avtomobin qapısını açmaq və bir sıra funksiyaları idarə etmək mümkündür. Tətbiq iyulun 1-dən sonra buraxılan bütün BMW modelləri üçün əlçatan olacaqdır.