BMW Neue Klasse ailəsinin yeni elektrik krossoverini – kupeşəkilli iX4 modelini təqdim edib. Yenilik iX3 ilə eyni texniki bazanı bölüşür, lakin daha alçaq və aerodinamik kuzovu sayəsində daha uzun yürüş ehtiyatı təklif edir. Modelin yeni M60 xDrive versiyası isə bu ailədəki ən güclü modifikasiya sayılır.

BMW iX4 ilk mərhələdə 40 xDrive, 50 xDrive və M60 xDrive olmaqla üç versiyada təklif ediləcək. Baza 40 xDrive - 275 kVt, 50 xDrive - 345 kVt, yeni M60 xDrive isə 450 kVt güc hasil edir.

Yeni model ölçülərinə görə iX3-ə çox yaxındır. Hər iki avtomobilin uzunluğu 4782, eni - 1895, təkər bazası isə 2897 millimetrdir. Lakin iX4-ün hündürlüyü 40 millimetr azdır və 1595 millimetr təşkil edir. Kuzovun aerodinamik müqavimət əmsalı da 0,23-ə endirilib.

iX4 standart olaraq M Sport paketi və 20-düymlük M-disklərlə təchiz edilir. Bu isə mavi rəngli əyləc supportlarının mövcudluğu deməkdir. Qırmızı rəngli supportlar əlavə ödəniş qarşılığında əlçatandırlar. 

M60 xDrive versiyasında isə 21-düymlük disklər standartdır, 22-düymlük disklər opsional avadanlıq siyahısına daxildir. M60 həmçinin sarı gündüz hərəkət işıqları, qara diffuzor və arxa tərəfin fərqli dizayn elementləri ilə digər versiyalardan seçilir.

Salon əsasən iX3-dən tanışdır. Burada 17,9-düymlük mərkəzi sensorlu ekran və ön şüşənin aşağı hissəsinə məlumatları əks etdirən Panoramic Vision sistemi yerləşir. iX4-ün bütün versiyalarında panoram şüşə dam standart avadanlığa daxildir. M60 xDrive isə M Sport sükanı, xüsusi oturacaqlar, Harman Kardon səs sistemi və əlavə idman qrafikasına malikdir.

Kupe üslublu kuzov baqaj həcminə təsir edib. iX4-də baqajın həcmi 490–1600 litr təşkil edir. Müqayisə üçün, iX3-də bu göstərici 520–1750 litrdir. Hər iki modeldə əlavə olaraq 58 litrlik ön baqaj bölməsi də var.

BMW iX4 40 xDrive 275 kVt və 520 Nm güc hasil edir. Avtomobil 0–100 km/saat sürətlənməni 5,6 saniyəyə tamamlayır, maksimal sürət isə 200 km/saatdır. 82,6 kVt/saatlıq batareya WLTP üzrə 526–638 kilometrlik yürüş ehtiyatı təmin edir.

50 xDrive versiyasında güc 345 kVt, fırlanma anı isə 645 Nm-dir. Bu versiya 0–100 km/saat sürətlənməni 4,9 saniyəyə başa vurur və 210 km/saat maksimal sürətə çatır. 108,7 kVt/saatlıq batareya sayəsində yürüş ehtiyatı 680–828 kilometr təşkil edir.

Model çeşidinin zirvəsində M60 xDrive versiyası dayanır. Üç elektromotorlu sistem 450 kVt, yaxud təxminən 612 at gücü və 875 Nm hasil edir. Bu versiya 0–100 km/saat sürətlənməni cəmi 3,9 saniyəyə tamamlayır, maksimal sürət isə 240 km/saatdır. Böyük batareya ilə maksimal yürüş ehtiyatı 754 kilometr təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M60 xDrive-da yeni nəsil elektromotordan istifadə olunur. Yeni stator, daha güclü invertor, dəyişdirilmiş ötürmə nisbəti və rotorun daha yüksək maksimal dövrləri güc göstəricilərinin artırılmasına imkan verib. M60 həmçinin adaptiv M asqısı, dəyişən ötürmə nisbətinə malik idman sükanı və arxa oxda idarə olunan M diferensialı ilə təchiz edilir.

108,7 kVt/saatlıq batareya 960 ədəd 4680 formatlı silindrik elementdən ibarətdir. iX4-ün daha yaxşı aerodinamikası və iX3-dən təxminən 20 kiloqram aşağı kütləsi 50 xDrive versiyasının yürüş ehtiyatını 828 kilometrə çatdırmağa kömək edir. Bu göstərici iX3-ün maksimum 806 kilometrlik nəticəsindən 22 kilometr çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şarj imkanları da yüksək səviyyədədir. iX4 40 xDrive 300 kVt-a qədər, 50 xDrive və M60 xDrive isə 400 kVt-a qədər sabit cərəyanlı (DC) şarjı dəstəkləyir. 50 xDrive və M60 xDrive üçün 10–80 faiz şarj təxminən 21 dəqiqə çəkir. M60 xDrive standart olaraq 22 kVt gücündə dəyişən cərəyanlı (AC) bort şarj cihazı ilə təchiz edilir.

BMW iX4 üçün sifarişlərin yaxın günlərdə qəbuluna başlanması gözlənilir. M60 xDrive üçün sifarişlər 2027-ci ilin yanvarında açılacaq, ilk avtomobillərin müştərilərə çatdırılması isə mart ayında planlaşdırılır. BMW iX4 40 xDrive-ın Almaniyada başlanğıc qiyməti 70 900 avrodur. 50 xDrive 75 900 avrodan başlayır. M60 xDrive-ın qiyməti isə hələlik açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.