BMW M bölməsinin tam elektrikli idman avtomobilləri dövrü yaxınlaşır. Bir neçə ildir ki, brend növbəti nəsil modelləri üzərində fəal şəkildə işləyir və Bavariya istehsalçısı artıq rəsmi olaraq M3 elektromobilinin 2027-ci ildə satışa çıxarılacağını təsdiqləyib.
BMW şirkəti hələlik göstərilən prototipi adını açıqlamayıb. Məntiqlə “bərkgedən” sedan Electric M3 və ya i3 M adını ala bilər. Model xəttinin gələcək strukturunu nəzərə alsaq, i3 M adı daha məqbul sayıla bilər.
M3 sedanından başlayaraq bütün gələcək BMW M elektrik modelləri Neue Klasse ailəsi üçün hazırlanmış altıncı nəsil texnologiya əsasında inşa edilmiş tamamilə yeni güc aqreqatı ilə təchiz olunacaq.
Ön oxda iki elektrik mühərriki, arxada isə, daha iki elektrik mühərriki quraşdırılacaq, üstəlik, sonuncuların hər biri ayrı təkərləri hərəkətə gətirəcək. BMW hələlik dördmühərrikli sistemin dəqiq hasilatını açıqlamayıb, lakin bəzi Neue Klasse elektrik modellərinin zamanla dörd rəqəmli güc göstəricilərinə nail olmaları mümkündür.
Elektrik mühərrikləri paralel şəkildə yerləşirlər və cavabdeh olduqları təkərə ayrıca reduktor vasitəsilə güc ötürürlər. Hər bir ötürmə modulunun öz invertoru var ki, bu da güc və fırlanma anının hər bir təkərə ötürülməsini dəqiq idarə etməyə imkan verir. BMW nümayəndələrinin sözlərinə görə, belə bir arxitektura “əvvəllər heç vaxt mövcud olmayan” idarəetmə təcrübəsini yaradır.
Güc qurğusu BMW şirkətinin ən son silindrik elementləri olan 100 kilovat/saatlıq batareyadan qidalanır. Gediş məsafəsi konkret versiyadan asılı olaraq dəyişəcək, lakin batareya trekdə hərəkət tələblərini nəzərə alaraq sıfırdan yaradılıb. Elektrik platformasının əhəmiyyətli çəkisini qismən kompensasiya etmək üçün, M modellərində təbii liflərdən hazırlanmış yüngül komponentlərdən istifadə ediləcək.
Aktiv idarəetmə həvəskarlarını mütləq sevindirəcək yeni bir xüsusiyyət də mövcuddur - ön oxu tamamilə söndürmək olar. Belə rejimdə M elektrik modelləri tamamilə arxa ötürməli avtomobillərə çevrilirlər. Arxa ötürməyə keçmək təkcə həyəcan əlavə etmir, həm də səmərəliliyi artırır və gediş məsafəsinə müsbət təsir göstərir.
Neue Klasse platformasına əsaslanan M elektromobilləri pillələrin dəyişdirilməsinin simulyasiyası və xüsusi tənzimlənmiş səs müşayəti ilə təchiz ediləcəklər. BMW nümayəndələri məhz belə həllərin elektromobillərdə çatışmayan emosional hissləri geri qaytarmağa qadir olduğunu hesab edirlər.
Bütün sistemin mərkəzində yüksək məhsuldarlıqlı Heart of Joy idarəetmə bloku yerləşəcək. O, yüksək məhsuldarlıqlı dörd ayrı kompüterlə qarşılıqlı çalışaraq, təkərlər arasında enerji paylanmasından tutmuş idarəetmə sisteminin işinə qədər bütün əsas idarəetmə proseslərindən məsul olacaq. Faktiki olaraq, Neue Klasse M sürücünün mərkəzi fiqur olaraq qaldığı yüksək texnologiyalı platforma kimi yaradılıb.
Klassik M3 modelinin həvəskarları üçün də xəbərimiz var. Zavoddaxili G84 kodunu almış avtomobil sıralı altısilindrrli mühərrikini qoruyub saxlayacaq və 2028-ci ildə işıq üzü görə bilər.
Bizim şəhrimiz. Alman istehsalçısı dördmühərrikli güc qurğusunun hasilatını açıqlamasa da, bu barədə müəyyən mülahizələr yürütmək olar. Məsələn, yeni iX3 50 xDrive modelinin ikimühərrikli güc qurğusu 469 at qüvvəsi və 645 Nm hasil edir. BMW iX3 60 M adlandırılacaq M Performance versiyasının isə, 600 at qüvvəsindən çox gücə malik olacağı gözlənilir.
Daha iki mühərriki əlavə etdikdə isə, tam ölçülü M modellərinin 700 at qüvvəsinin üzərində gücə sahib olacağını söyləmək mümkündür. Bu rəqəm inandırıcı görünür, çünki ekstremal VDX konseptinin güc qurğusu 1300 at qüvvəsinə malik idi.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









