Bu günlərdə Qudvudda keçirilən Sürət Festivalında BMW şirkəti özünün M bölməsinin 50 illik yubileyini bayram edir. Bayram tədbirləri çərçivəsində almanlar “bərkgedən” M3 Touring universalını geniş kütlə qarşısında nümayiş etdiriblər. Lakin iş təkcə bununla bitməyib – alman istehsalçısı çox vacib bir anons da verib. BMW M bölməsinin marketinq üzrə vitse prezidenti Timo Reş 2022-ci il ərzində daha bir xüsusi M-modelinin təqdim ediləcəyini bildirib.
BMW Blog nəşrinin əldə etdiyi məlumata görə, söhbət, keçən əsrin 70-ci illərinin birinci yarısında buraxılmış məşhur BMW 3.0 CSL sportkarının birbaşa varisindən gedir. Onu bir ay bundan əvvəl debüt edən M3 CSL kupesinin bazasında inşa edəcəklər. Üstəlik, bu model alternativ kuzov dəsti olan M4 CSL kupesi olmayacaqdır: yeni model tamamilə yeni kuzovu alacaqdır.
BMW M4 CSL kupesinin 550 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbomühərrikinin gücünü 600 at qüvvəsinə qədər artıracaqları deyilir. Ötürmə yalnız arxa oxa olacaq, amma səkkiz pilləli M Steptronic “avtomatını” alternativsiz mexaniki ötürmələr qutusu ilə əvəzləyəcəklər. Yeni modelin tirajının 50 nüsxə ilə məhdudlaşdırılacağı, hər bir avtomobilin qiymətinin 750 min avro təşkil edəcəyi söylənilir.
Qeyd etmək gərəkdir ki, bir ay yarım bundan əvvəl BMW M4 CSL Hommage kupesi barədə məlumat peyda olub. Başqa bir mənbədən verilən məlumata görə, bu model 600 at qüvvəsi və 700 Nm hasil edən mühərrikə və avtomatik transmissiyaya sahib olacaqdır. Hommage modeli 100 km/saatı həddini 3,5 saniyəyə toplayacaq, onun maksimal sürəti isə 300 km/saatın üzərində olacaqdır. Bununla belə, onun qiymətinin bir qədər təvəzökar olacaqdır - 600 min avro.
Bu il iki M-modelinin debütü gözlənilir: bunlar M2 kupesi və M bölməsi tərəfindən sıfırdan yaradılmış XM krossoverinin seriya versiyasıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.