Frank van Mil avstraliyalı jurnalistlərlə söhbətində marketinqdə səhvə yol verdiklərini bildib. Top menecer satışların başlanmasından əvvəl avtomobilin təchiz edilmiş haldakı çəkisi ilə bağlı məlumatların açıqlanmasının səhv qərar olduğunu söyləyib. “Şəxsən mənim [BMW M5 sedanını təqdim edərkən] öyrəndiyim şey sosial medianın necə işlədiyidir”, - van Mil bildirib. O, əksəriyyətin başqa göstəricilərə məhəl qoymadan yeniliyin çəkisini müzakirə etməsindən gileylənib.

Yeni BMW M5 sələfindən demək olar ki, yarım ton ağırdır və hibridin təchiz edilmiş haldakı çəkisi hətta bəzi tamölçülü pikaplarda olduğundan belə çoxdur. Bu fakt sosial şəbəkələrdə nifrətə səbəb olub və supersedanın imicinə xələl gətirib. Frank van Mil avtomobilin yeganə göstəricisinin müzakirəsinin düzgün olmadığını hesab edir. BMW M rəhbəri idmançılarla bənzətməyə də əl atıb: o, antropometrik məlumatları müqayisə etməzdən əvvəl idmanın növünü anlamağın vacib olduğunu deyib.

BMW M bölməsinin top meneceri sosial şəbəkələrdən istifadəni lazımi səviyyədə qiymətləndirə bilmədiklərini də etiraf edib. Bununla belə, van Mil M5 modelinin ağır çəkisini problem hesab etmir: “Bu avtomobil dəlisovdur və əvvəlki modeldən yaxşıdır, üstəlik, onun çəkisi də hiss olunmur”. Bavariya brendinin marketoloqlarının aldıqları əsas dərs, test-drayvlara qədər elektrikləşdirilmiş avtomobilin çəkisini açıqlamamaq olub. Ekspert soyuq qarşılanmadan sonra BMW M5 modelinə olan tələbatın "sürətlə artdığını" da qeyd edib.
Frank van Milin gəldiyi nəticəni “qara piar da piardır” sözləri ilə yekunlaşdırmaq olar. Hazırda BMW yeni M5 modelinin istehsalını artırmaq məcburiyyətindədir, çünki “bərkgedən “ sedana tələbat artmaqda davam edir və bəzi vacib bazarlarda superhibridlər altı ay əvvəldən satılıblar. Sosial şəbəkələrdəki ehtiraslar isə, bu avtomobili heç vaxt idarə etməyənlər tərəfindən qızışdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.