M135i top versiyası cari BMW 1 Series (F40) model xəttində əvvəlcədən mövcud idi. Alman istehsalçısı modelin plan üzrə yenilənməsini gözləmədən, modernizasiyasını həyata keçirib. Qeyd etmək gərəkdir ki, modelin eksteryeri, interyeri və hətta güc aqreqatı da dəyişilməz qalıb. BMW M135i modeli əvvəlki kimi 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, səkkiz diapazonlu “avtomat” və özükilidlənən Torsen differensialı olan tam ötürmə sistemi ilə təchiz edilir.
Əsas yeniliklkər avtomobilin şassisində baş verib. “Qaynar” hetçbek yeni yay və amortizatorlara sahib olub. Ön təkərlərin quraşdırılma bucaqları dəyişdirilib, McPherson asqısının qollarında əlavə hidrodayaqlar quraşdırılıb. Alman markasının mühəndisləri hetçbekin təkmilləşdirilmiş şassisinin daha dəqiq idarəetməyə və drayver xarakterina malik olduğunu söyləyirlər.
Başqa yeniliklər də var. Məsələn, səs sisteminin köməyi ilə mühərrikin salondakı səsi “optimallaşdırılıb”. Kuzov rəngləri palitrasına BMW Individual dəstindən yeni çalarlar əlavə edilib: bunun üçün, 1 Series hetçbeklərinin buraxıldığı Leypsiqdəki zavodun boyama sexini modernləşdirmək gərək olub. Almaniyada BMW M 135i modeli 51.450 avrodan başlayan qiymətlərlə satılır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.