BMW şirkəti M240i Racing yarış avtomobilini əvəz edəcək M2 CS Racing modelinin ilk tizerini dərc edib. Yeni model sələfi kimi klub yarışlarında və “Nürburqrinqin 24 saatı” kimi peşəkar marafonlarda iştirak edəcəkdir.
Alman istehsalçısı yeni yarış avtomobili barədə heç bir məlumat verməyib. Dərc edilmiş şəkildən M2 CS Racing modelinin M240i Racing kupesindən ön bamperin və radiator barmaqlığının dizaynı ilə fərqləndiyini görmək olar. Kupenin kapotunun altında 450 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli turbomühərrikin quraşdırılacağı ehtimal olunur. Müqayisə üçün, BMW M240i Racing modelinin mühərriki 340 at qüvvəsi hasil edir.
BMW M240i Racing
Məlum məsələdir ki, BMW M2 CS modelinin yarış versiyası mulki avtomobildən yüngül olacaqdır. Çəkinin azalmasına interyer tərtibatından, avadanlığın bir hissəsindən imtina edilməsi, həmçinin karbondan hazırlanmış yarış kreslolarının və kuzov elementlərinin quraşdırılması sayəsində nail olunub. Kupenin təkmilləşdirilmiş buraxılış sistemi və təhlükəsizlik karkası ilə təchiz ediləcəyini əminliklə söyləmək olar.
Mülki BMW M2 CS kupesi qızılı rəngli supportları olan karbon-saxsı əyləc mexanizmlərinə, orijinal diffuzora və sploylerlərə sahib olacaqdır. BMW M2 CS kupesi 2 Series model xəttinin top modeli olmaqla yanaşı, ümumi yollara çıxmaq icazəsi olan ən güclü “ikinci” olacaqdır.