BMW şirkəti yenilənmiş M240i kupesi üçün M Performance Edition modifikasiyasını hazırlamışdır. Avtomobil xarici təkmilləşdirmələr dəsti ilə təchiz edilmiş və 750 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır.
Xüsusi modifikasiyadan olan kupelər ağ rəngli kuzova və qara rəngli radiator barmaqlığına malik olacaqdırlar. Bundan əlavə, yan güzgülərin gövdələri, «ətəklər», arxa spoyler, diffuzor və buraxılış sisteminin boruları karbondan hazırlanacaqdır. M240i M Performance Edition modifikasiyası öndə 225/35, arxada isə 245/30 ölçülü şinləri olan 19-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir. Eyni zamanda, kupenin salonu xüsusi tərtibata və zamşa ilə örtülmüş M sükana malik olacaqdır.
Texniki cəhətdən kupe dəyişilməz qalacaqdır. BMW M240i modeli 340 at qüvvəli 3,0-litrlik altı silindrli turbomühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Opsional olaraq səkkiz diapazonlu avtomatik qutunu və tam çəkiş sistemini də sifariş etmək olar. 100 km/saat həddiə kupe 4,4 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır.
Yenilənmiş kupenin rəsmi satışlarına iyul ayında başlanacaqdır.